Ceyrançöl torpaqlarında yarğan eroziyasının qarşısını necə almalı

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin elmi işçisi Rauf Hüseynov Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elm günü münasibətilə “Aqrosenozların torpaq-ekoloji problemləri və onların həlli yolları” mövzusunda  keçirilən beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

 

"Ceyrançölün boz-qəhvəyi (şabalıdı) torpaqlarında yarğan eroziyasının inkişafı və ona qarşı mübarizə tədbirləri" adlı məruzə ilə çıxış edən elmi işçi Ceyrançöl alçaqdağlığında  boz qəhvəyi torpaqlarda yarğan eroziyasının inkişafı, törətdiyi təzadlar və ona qarşı mübarizə tədbirləri haqqında məlumat verib.

 

Məruzədə Ceyrançöl ərazisində aparılan torpaq tədqiqatlarına istinad olunaraq torpaq parametrlərinin fərqli təbii və antropogen təsir mühitində kəmiyyət, keyfiyyət dəyişmələri təhlil edilir. Bildirilir ki, eroziya prosesi və insanın təsərrüfat fəaliyyəti 5-7°-dən çox meyilliyə malik yamaclarda akkumulyativ humus qatının itirilməsinə səbəb olub. Eroziyanın qarşısını almaq üçün az meyilli yarğan və qobuların yamaclarında terraslar və tirələr yaratmaqla fitomeliorativ tədbirlər həyata keçirilməli, daha çox  quraqlığa davamlı Eldar şamı, badam, zeytun və s. kol bitkiləri əkilməlidir. Həmin ərazilərdə güclü eroziyaya məruz qalmış yamaclar dincə qoyulmalı və 3-5 il müddətində mal-qara otarılması qadağan edilməlidir.

 

 

 



29.06.2021 | 15:55