Yüksək Texnologiyalar Parkının şəhid əməkdaşının məzarı ziyarət olunub

Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının (YT Park) kollektivi texnoparkın Vətən müharibəsində şəhid olmuş əməkdaşı Rafiq Heydərovun məzarını ziyarət edib.

 

II Fəxri Xiyabanda doğum günü ilə əlaqədar ziyarət olunan şəhidin anım mərasimində ailə üzvləri və yaxınları,  əsgər yoldaşları, qazilər, təhsil aldığı Binəqədi rayon 301 saylı məktəbin müəllimləri və şagirdləri, eləcə də məzunu olduğu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları da iştirak edib.

 

Anım mərasimində YT Parkın baş direktoru Vasif Abbasov, AzMİU-nun nəqliyyat fakültəsinin dekan müavini Etibar Quliyev və digər çıxış edənlər qəhrəman şəhid Rafiq Heydərovun qısa, şərəfli ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

 

Qeyd olunub ki, R.Heydərov 2020-ci il oktyabrın 14-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən də danışılıb, Rafiq və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib.

 

Daha sonra çıxış edən şəhidin  Rahim Heydərov övladı ilə fəxr etdiyini söyləyib, oğlunun xatirəsinə göstərilən hörmət və ehtirama görə hər kəsə təşəkkürünü bildirib.

 



02.07.2021 | 17:46