AzMİU –da “Məzun Günü”

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020-2021-ci tədris ili məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova məzun adını qazanan tələbələri təbrik edib:”Əziz məzunlar! Dörd il bundan əvvəl həyatınızda ən böyük uğura imza ataraq tələbə adını qazandınız. Bu gün isə böyük bir şərəf və iftixarla AzMİU-dan ayrılırsınız, məzun olursunuz. 4 illik bir mərhələni keçərək qazandığınız diplomla həyatınızın müstəqil, eyni zamanda daha məsuliyyətli dövrünə qədəm qoyursunuz. Siz bu gün qalib ölkənin, zəfər ilinin məzunlarısınız! Qəhrəman oğullarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında olan torpaqlarımızı azad etdi, Vətənimizi bütövləşdirdi. Həmin Vətən torpaqlarında bizi böyük işlər gözləyir. İşğaldan azad olmuş ərazilərimizin bərpasında, yenidən qurulmasında inanıram ki, siz də öz töhfələrinizi verəcəksiniz.  Sizə bu yolda böyük uğurlar diləyirəm”.

         

Rektor çıxışında builki məzunların nəticələrindən danışıb, qeyd edib ki,      universitetin bakalavriat səviyyəsində 26 ixtisas üzrə 1680, magistratura səviyyəsində 21 ixtisaslaşma üzrə 180, İnşaat Kollecində 325, liseydə isə 23 məzunu var. Tələbələrin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, bu il 4 məzun ali məktəbi fərqlənmə diplomu ilə bitirir.

          

Sonra rektor AzMİU-nu fərqlənmə ilə bitirən məzunlara qırmızı diplomlarını təqdim edib.

 

Mərasimdə iştirak edən qonaqlar – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, Təhsil Nazirliyinin  Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Memarlar İttifaqının sədri Elbay Qasımzadə universitetin  müxtəlif fakültələrini əla qiymətlərlə bitirən tələbələrə diplomları təqdim edib, onlara gələcək karyeralarında uğurlar arzulayıblar.

           

 

 



03.07.2021 | 11:22