Selçuk Universitetinin nümayəndə heyəti ATU-da

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Türkiyənin Selçuk Universitetinin nümayəndə heyətini qəbul edib.

 

Rektor ATU-nun son illər ərzində beynəlxalq əlaqələrinin genişlənməsi haqda məlumat verərək, xüsusilə Türkiyənin bir çox universitetləri ilə müxtəlif ikitərəfli memorandumlar imzalandığını bildirib: “Bu il bir neçə Türkiyə universitetinin nümayəndə heyəti, rəhbəri qonağımız olub. Sevindirici haldır ki, imzalanan müqavilələr əsasında işlər sürətlə gedir. Selçuk Universiteti ilə də sıx əməkdaşlıq əlaqəmiz var. Bizdə yeni açılan ixtisaslar üzrə təhsil alan tələbələrimiz üçün göndərdiyiniz dərsliklərdən istifadə edirik. Eləcə də kitabxanamızda xüsusi guşə yaradılıb”.

 

G.Gəraybəyli qeyd edib ki, hazırki əməkdaşlığın gələcəkdə elmi istiqamətdə də davam etməsi üçün yaxşı potensial var: “Bildiyiniz kimi, günümüzdə elmi işlərin klinik araşdırmaları olur və bunu bir deyil, bəzən bir neçə ölkə çərçivəsində həyata keçirmək lazım gəlir. Bu baxımdan universitetimizin çox geniş imkanları var. Belə ki, 6 fakültəmiz, 4 klinikamız - Onkoloji, Tədris Stomatoloji, Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikalarımız fəaliyyət göstərir. Universitetin ərazisi demək olar ki, kampus formatındadır, yəni infrastruktur əlverişlidir”.

 

Selçuk Universitetinin prorektoru, xarici tələbələr üzrə koordinator, professor İlhan Çiftci  qarşılıqlı əlaqələrin hər iki tərəf üçün faydalı olduğunu və gələcəkdə daha da genişləndirilməsinin zəruriliyi fikri ilə razılaşdığını vurğulayıb.

 

Görüşdə Selçuk Universiteti Kommunikasiya fakültəsi dekanının müavini, dosent Abdulkadir Gölcü, ATU-nun ümumi işlər üzrə prorektoru Tahir Vəliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov iştirak ediblər.

 

 



03.07.2021 | 13:27