Beynəlxalq qrant proqramlarının BDU-da tətbiqində yeni dövr

Bakı Dövlət Universiteti (BDU) beynəlxalq əlaqələrini genişləndirmək üçün xarici universitetlər və beynəlxalq qurumlarla yeni əlaqələr yaratmaqdadır. Elmi tədqiqatlar üçün  beynəlxalq qrantların, mübadilə proqramlarının sayının artırılması, akademik əməkdaşlıq və xarici tələbələrin cəlb olunması yolu ilə universitetin beynəlxalq miqyasda nüfuzunun artırılması da beynəlxalq əlaqələr istiqamətində qarşıda duran əsas məsələlərdir.

 

Universitetdən bildirilib ki, hazırda 3 beynəlxalq qrant layihəsi üzərində işlər davam etdirilir. Bunlardan biri BDU ilə İsveçin Linkoping Universiteti arasında Erasmus+ KA2 proqramı çərçivəsində mövcud olan MAGNUS layihəsidir. Layihənin icrası üzrə imzalanmış tərəfdaşlıq müqaviləsinə əsasən, BDU-da magistratura pilləsində yeni ixtisas olan Mobil tətbiqlərin hazırlanması və oyunların dizaynı ixtisaslaşması açılıb və layihə artıq icra olunmaqdadır. Layihə çərçivəsində, eyni zamanda modullar üzrə fənlər və onların kreditləri müəyyənləşdirilib, ixtisasın tədris planı tərtib edilib.

 

Eyni zamanda 2020-ci ilin oktyabr ayında İtaliyanın La Sapienza Universiteti ilə Erasmus+KA2 proqramı çərçivəsində Azərbaycanda ekoloji vəziyyətlə bağlı doktorantura səviyyəsi üçün İnnovativ Tədris Mərkəzi İTACA layihəsi üzrə tərəfdaşlıq müqaviləsi imzalanıb. Hazırda bu layihə üzrə işlər davam etdirilir.

 

Digər bir layihə isə BDU-nun qalib olduğu GEOCLIC layihəsidir. Layihənin məqsədi sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni texnologiyalardan istifadə edərək geoməkan texnologiyaları üzrə bakalavr, magistr və doktorantura kurikulumlarının müasirləşdirilməsindən ibarətdir. Bu layihələr Avropa Birliyinin Erasmus+ KA2 layihələridir. Artıq uzun illərdir ki, bu layihələr istiqamətində BDU-da əsaslı işlər görülür və universitet bu layihələrdə işləmək təcrübəsinə malikdir.

 

Erasmus+ KA2 layihələrində Azərbaycan və ya Avropa universitetləri daxil olmaqla bir neçə partnyor qurum iştirak edir. Bu partnyorlar yalnız universitetlər deyil, qeyri-hökumət təşkilatı və ya dövlət qurumu da ola bilər. Beynəlxalq qrant layihələrində bu layihələrin ölkə təhsili, elm və innovasiyaların inkişafı üçün nə dərəcədə əhəmiyyətli olacağına diqqət yetirilir.

 

COVİD-19 pandemiyası səbəbindən işlərin böyük hissəsi onlayn formatda qurulur, bütün görüşlər, vebinarlar, workshoplar onlayn qaydada keçirilir. Qeyd etmək lazımdır ki, MAGNUS layihəsi çərçivəsində universitetdə ən müasir standartlara cavab verən kompüter laboratoriyası qurulub. İTACA layihəsi çərçivəsində də müasir tələblərə uyğun təlim mərkəzinin qurulması və işin təşkili üçün avadanlıqların alınması, quraşdırılması nəzərdə tutulub.

 

Bu tip layihələr universitetin maddi-texniki bazasının gücləndirilməsinə də təkan verir. BDU-da MAGNUS layihəsi çərçivəsində açılmış Mobil tətbiqlərin hazırlanması və oyunların dizaynı ixtisaslaşması magistratura pilləsində Azərbaycan təhsil sistemində yeni bir ixtisasdır.

 

İTACA layihəsinin məqsədi Azərbaycanda fövqəladə ekoloji vəziyyətin həllinə yönəlmiş üç pilləli təhsilin yaradılması, inkişaf etdirilməsi məqsədilə Təlim Mərkəzini yaratmaq və inkişaf etdirməkdir. Bu, gənclərdə elmə və innovasiyaya marağın yaranması baxımından xüsusi əhəmiyyət daşıyır. GEOCLIC layihəsinin icrasına isə bu ildən başlanılacaq.

 

Tədqiqat və inkişaf universitetin inkişaf strategiyasında xüsusi yer tutur. BDU-nun beynəlmiləlləşməsi dörd əsas istiqamətdə reallaşdırılır: akademik əməkdaşlıq, ictimai etimad və nüfuzun artırılması, diplomatik nümayəndəliklərlə əməkdaşlıq və beynəlxalq qrantlar, mübadilə proqramlarının sayının artırılması. Beynəlxalq proqramlarda iştirak etməklə qazanılmış təcrübənin universitetdə tətbiqi həyata keçirilir. Qrant layihələri elmin inkişafına maliyyə dəstəyi baxımından, istərsə də beynəlxalq təcrübənin, partyor universitetlərlə əlaqələrin inkişafi baxımından xüsusi əhəmiyyət kəsb edir. BDU “Horizon 2020”, “Jean Monnet”, “Joint Masters” kimi proqram və layihələrdə iştirakını gücləndirmək üçün də müvafiq tədbirlər həyata keçirir.

 



06.07.2021 | 11:33