“Gənc istedadlar” liseyinə şagirdlərin qəbul imtahanı keçirilib

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinə 2021/2022-ci tədris ili üzrə V sinifə şagirdlərin qəbul imtahanı keçirilib.

 

BDU-dan bildirilib ki, liseydə təhsil almaq üçün Azərbaycan və rus bölmələri üzrə 1600-ə qədər şagird test üsulu ilə imtahan verib. İmtahan prosesi müvafiq qayda və meyarlara uyğun şəkildə təşkil olunub, şagirdlərə öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

 

İmtahan suallarından 25-i Ana dili (Azərbaycan dili və ya rus dili), 25-i riyaziyyat, 10-u isə məntiq üzrə olub.

 

Xüsusi karantin rejiminin tələblərinə əsasən, şagirdlərin yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına buraxılış növbə ilə və sosial məsafəni gözləməklə həyata keçirilib.

 



06.07.2021 | 16:02