“Davamlı İnkişaf üçün mühəndislik təhsili alan qızların iştirakının artırılması” layihəsi qalib olub

Azərbaycan Texniki Universitetinin (AzTU) BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) “Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün İştirak Proqramı”na təqdim etdiyi “Davamlı İnkişaf üçün mühəndislik təhsili alan qızların iştirakının artırılması” layihəsi qalib olub.

 

AzTU-dan bildirilib ki, layihənin məqsədi qadınların mühəndislik peşələrinə həvəsləndirilməsi, onların bu istiqamətə marağının daha da artırılması və ali təhsil almaq üçün ixtisas seçimində sözügedən sahənin müvafiq ixtisaslarına üstünlük vermələrini təmin etməkdən ibarətdir.

 

Layihə çərçivəsində Azərbaycanda mühəndislik ixtisasının tədrisində gender stereotipləri üzrə mövcud vəziyyətə baxış, qlobal trendlər və bu sahədə sosial baryerlərə həsr olunan birgünlük konfransın təşkili, həmçinin müxtəlif tərəfdaşların iştirakı ilə təlimlərin keçirilməsi də nəzərdə tutulur. Təlimlərdə orta məktəbin yuxarı sinfində oxuyan qızların iştirakı və onların valideynlərinin layihə üzrə fəaliyyətlərə cəlb olunması planlaşdırılır.

 

Layihənin 2022-ci ilin yanvar ayına kimi başa çatması nəzərdə tutulur.

 



06.07.2021 | 17:35