TOPs təlimlərinə yekun vurulub

“TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Masallı və Cəlilabad rayonlarının ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilib.

 

Xüsusi karantin rejimi qaydalarına uyğun təşkil edilən təlimlərə Masallı və Cəlilabad rayonlarında fəaliyyət göstərən 220 ümumi təhsil müəssisəsindən 300 nəfərdən çox müəllim cəlb olunub. Fərqli qruplarda TOPs metodologiyası üzrə təşkil olunan 3 günlük praktiki təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilib, dərslərin effektli tədris edilməsi üçün TOPs Oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilib.

 

Qeyd edək ki, TOPs layihəsi ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir. Layihə Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə icra edilir.

 

 



07.07.2021 | 11:55