Poltava Milli Texniki Universitetinin rektoru AzMİU-da

Ukraynanın Poltava Milli Texniki Universitetinin rektoru, professor Vladimir Onişenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

 

Qonaqlarla görüşən AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov Poltava Milli Texniki Universiteti ilə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, hər iki universitetin birgə təşkilatçılığı ilə keçirilən “Tikintidə innovasiyalar” mövzusunda Azərbaycan-Ukrayna IV beynəlxalq elmi konfransını xatırladıb. O,  bu əlaqələrin daha da gücləndirilməsi üçün nəzəriyyə və təcrübənin birlikdə tətbiq edilməsindən, birgə elmi konfranslardan, tələbə-müəllim mübadiləsindən və elmi tədqiqatlar sahəsində əməkdaşlığın perspektivlərindən, qarşlıqlı əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağından danışıb.

          

Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva da AzMİU-da aparılan islahatlar, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində Avropa və Türkiyə universitetləri ilə əməkdaşlıq, “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən layihələr, ikili diplom proqramları barədə qonaqlara ətraflı məlumat verib. N.Abdullayeva ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb, AzMİU-da hər il keçirilən əcnəbi tələbələrin qatıldığı beynəlxalq “Qış məktəbi” layihəsindən danışıb, Poltava Milli Texniki Universitetini də bu lahyihəyə qoşulmağa dəvət edib.

         

Poltava Milli Texniki Universitetinin rektoru, professor Vladimir Onişenko  iki ali məktəb arasındakı əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

        

Universitetlər arasında əməkdaşlıq istiqamətlərinin və perspektivlərin müzakirə olunduğu görüşdə birgə kadr hazırlığı, tələbə mübadiləsi və digər mövzularda müzakirələr aparılıb.

 

 

 



07.07.2021 | 17:45