“Əsas hədəfim akademik Zərifə Əliyeva adına liseyin müəllimi olmaqdır”

İyulun 7-də keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində ilk dəfə ən yüksək bal qeydə  alınıb-60 bal.

 

Bu balı toplayanlardan biri Kəlbəcər rayon 45 nömrəli tam orta məktəbin müəllimi Səbinə Səfərovadır.

 

İbtidai sinif müəllimliyi üzrə yüksək nəticə əldə edən, 1989-cu il təvəllüdlü  S.Səfərova 2017-ci ildən müəllim işləyir. İlk dəfə həmin il müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq 45 bal toplayıb və Kəlbəcər rayon 45 nömrəli tam orta məktəbdə işə başlayıb . Göstərdiyi nəticədən razı qalmayan gənc müəllim müsabiqəyə növbəti dəfə  2019-cu ildə qatılıb və bu dəfə 51 bal toplayıb. Bu il yenidən özünü sınayaraq, nəhayət hədəfinə çatıb: “Ağcabədi Pedaqoji Kollecinin məzunuyam. Kollecə də yüksək balla daxil olmuşdum. Həmin il ali məktəblərə qəbul imtahanına sənədlərimlə bağlı yaranan problem səbəbindən gec girdim. İmtahanda iştirak etdiyim 1 saat yarım müddətində 385 bal topladım. Sonra ailə qurdum və ali təhsil almaq barədə düşünmədim. Universitet məzunu olmaq üçün gec olmadığını düşünürəm. Hələlik hədəfim Bərdə şəhərindəki akademik Zərifə Əliyeva adına məktəb-liseyin  müəllimi olmaqdır. Ümid edirəm, bu il liseydə vakansiya olacaq və həmin yeri mən qazanacağam”.

 

Builki uğurunda ən böyük payın ailəsinin olduğunu deyən gənc müəllim ilk növbədə həyat yoldaşına və uşaqlarına minnətdardır: “İki aydır ailəmdən, uşaqlarımdan xəbərim yoxdur. Evdə yemək bişirmirəm, bu müddətdə nə yedilər xəbərim yoxdur. Necə deyərlər, özləri bişirib-yeyir. Ən böyük dəstəyi isə həyat yoldaşımdan aldım”.

 

Ruhiyyə

 

 



08.07.2021 | 10:40