Azərbaycanlı alimin məqalələri dünya çapında

Bu il Londonda  nüfuzlu “John Wiley” nəşriyyatında, professor V.Anisimovun (Amgen Inc., United Kingdom) və professor N.Limniosun (University of  Technology of Compiegne - Sorbonne University Group, France)  elmi redaktorluğu ilə ikicildlik “Kütləvi xidmət sistemləri. Qabaqcıl trendlər”  adlı məqalələr toplusu çap olunub.

 

Toplunun 2-ci cildində dünya şöhrətli hindistanlı professor  A.Krishnamoorthy  və onun tələbələri D.Shajin və V.Narayananın “Müsbət xidmət zamanlı ehtiyatların idarəedilməsi: İcmal” adlı  məqaləsi yer alıb. Məqalədə müəlliflər tələblərə xidmət zamanı müsbət olan ehtiyatların idarə edilməsi sistemləri nəzəriyyəsinin yaranması, inkişafı  və müasir vəziyyətini analiz ediblər. Burada müəlliflər bildirirlər ki, bu nəzəriyyənin əsasları 30 il əvvəl amerikalı alimlər K.Sigman (Kolumbiya Universiteti), D.Simchi-Levi (Massaçusets Texnologiya İnstitutu) və həmyerlimiz, AMEA-nın müxbir üzvü, professor Ağası  Məlikov tərəfindən qoyulub. Bununla bağlı amerikalı alimlərin məqaləsi “Annals of  Operations Research” jurnalında, həmyerlimizin məqaləsi isə “Cybernetics” jurnalında çap olunub.  Qeyd olunan icmal məqaləsinin ədəbiyyat siyahısında 150 elmi əsər göstərilib ki, bunlardan da 13-ü  azərbaycanlı alim A.Məlikovun son illərdə dünyanın müxtəlif aparıcı jurnallarında çap olunmuş məqalələridir. Bu sahədə prioritetin həmyerlimizə məxsus olması tanınmış alimlər H.Daduna (Almaniya), W.Yue (Yaponiya) və digərlərinin məqalələrində də  dəfələrlə göstərilib.

 

Qeyd olunan nəzəriyyənin yaradılmasının 30 illiyi ilə əlaqədar olaraq dünyaca məşhur  alimlər - professor A.Krishnamoorthy (Cochin University of science & Technology, Kochin, INDIA) və professor S.Chakravarthy (Kettering University, Flint, USA) AMEA-nın müxbir üzvü, İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, Milli Aviasiya Akademiyasının kafedra müdiri, professor Ağası Məlikovla birlikdə bu sahədə ilk məqalələrdən birinin dərc olunduğu “Annals of Operations Research” jurnalının baş redaktoru professor E.Borosa müraciət edərək jurnalın xüsusi nömrəsinin buraxılmasını təklif ediblər.

 

Qeyd edək ki, yaradılmış nəzəriyyənin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq təkliflə bağlı müraciətə dair müsbət qərar qəbul olunub. Belə ki, jurnalın gələn il üçün xüsusi buraxılışının A.Krishnamoorthy, S.Chakravarthy, A.Məlikov və V.Narayananın redaktorluğu ilə hazırlanması nəzərdə tutulur.

 

Ağası Məlikovun elmi fəaliyyətini qısaca nəzərdən keçirsək  azərbaycanlı alimin gördüyü işlərin, apardığı tədqiqatların dünya alimləri tərəfindən maraqla qarşılandığının şahidi oluruq.

 

Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirən A.Məlikov  1977-1980-ci illərdə Siyəzən rayonunun Kiçik Həmyə kənd səkkizillik məktəbində  riyaziyyat müəllimi işləyib. 1980-1989-cu illərdə  Sumqayıt şəhərindəki “Neft-kimya-avtomat” Elmi-Tədqiqat və Layihə İnstitutunda çalışıb. O, 1989-1992-ci illərdə Kiyev Politexnik İnstitunda doktoranturada təhsilini davam etdirib. 1984-cü ildə  Kiyev Avtomatika İnstitutunda texnika elmləri namizədi, 1992-ci ildə isə  Kiyev Politexnik İnstitutunda texnika elmləri doktoru elmi dərəcələrini alıb.

 

Ağası müəllim  tətbiqi riyaziyyat sahəsində tədqiqatlar aparır. Tanınmış alimin əsas elmi işləri mürəkkəb kütləvi xidmət sistemlərinin riyazi modellərinin və onların analizi və optimallaşdırılması üçün üsulların yaradılmasına həsr olunub. Onun 250-dən çox məqaləsi dünyanın nüfuzlu elmi jurnallarda çap edilib. Ukraynanın müxtəlif nəşriyyatlarında nəşr olunan 3, eləcə də “Springer-Verlag” nəşriyyatında çap olunan 2 monoqrafiyanın  müəllifidir. 2011-ci ildə Ağası Məlikovun redaktorluğu ilə “İntech” nəşriyyatında “Cellular Networks” adlı 450 səhifəlik məqalələr toplusu nəşr olunub.

 

A.Məlikov həmçinin bir sıra ölkələrdə elmi fəaliyyətlə məşğul olmuşdur. Belə ki, o, 1998-2000-ci illərdə Şimali Kipr Türk Respublikasındakı universitetlərdə professor kimi  2 il çalışıb. 2006-cı ildə Koreya Universitetinin (Seul) Telekommunikasiya Riyaziyyatı Elmi Mərkəzinə dəvət olunaraq  2 ay müddətində burada dünyanın aparıcı alimləri ilə birlikdə tədqiqatlar aparmış və eyni zamanda birgə məqalələr çap etdirmişdir. Bundan başqa, A.Məlikov Budapeşt İqtisadiyyat və Texnologiya və Debresen universitetlərinə də dəvət edilərək həmin ali təhsil müəssisələrində mühazirələr oxuyub.

 

Azərbaycanlı alim  nüfuzlu beynəlxalq bazalarda indeksləşən bir neçə jurnalın redaksiya heyətinin üzvüdür. O, 2012-2014-cü illərdə  ABŞ-da çap olunan “American Journal of Operational Research” jurnalının ilk  baş redaktoru olmuşdur.

 

Uzun illər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İnformatika elmləri üzrə ekspert komissiyasının üzvü və rəhbəri olmuş alimin yetirmələri də kifayət qədərdir.

 

“Azərbaycan müəllimi”nin oxucularına “Tələblərə xidmət zamanı müsbət olan ehtiyatların idarəedilməsi sistemləri” haqqında  məlumat verən Ağası Məlikov qeyd edir ki,  bu nəzəriyyə kütləvi xidmət və ehtiyatların idarəedilməsi nəzəriyyələrinin əsasında yaradılmışdır: “Kütləvi xidmət nəzəriyyəsinin əsasları təxminən yüz il əvvəl danimarkalı alim Erlang tərəfindən qoyulmuşdur və o zamanlar yenicə yaradılmış telefon şəbəkələrinin riyazi analizi üçün istifadə olunurdu. Bu sahədə yerinə yetirilən tədqiqatlarda bir qayda olaraq fərz edilir ki, tələblərə xidmət etmək üçün boş serverlərin olması kifayətdir və sistemin hər hansı başqa resursunun olması tələb olunmur. Ehtiyatların idarəedilməsi nəzəriyyəsinin əsasında duran hipotez ondan ibarətdir ki, tələblərə ani olaraq xidmət göstərilir, başqa sözlə, tələblərə xidmət müddəti sıfra bərabərdir. Lakin bir sıra real sistemlərdə, o cümlədən mürəkkəb logistika sistemlərində həm kütləvi xidmət sistemlərinin, həm də ehtiyatların idarəedilməsi sistemlərinin əlamətləri vardır. Bu səbəbdən bu tip sistemlərin öyrənilməsi üçün yeni nəzəriyyənin yaradılması zəruri idi”.

 

Alimin bildirdiyinə görə hazırda bu nəzəriyyə mürəkkəb logistika sistemlərinin riyazi modellərinin yaradılmasında geniş şəkildə tətbiq olunur.

 

Ağası  Məlikovun rəhbərliyi altında artıq bir neçə fəlsəfə doktorluğu dissertasiyaları müdafiə edilməklə yanaşı, onun adıçəkilən nəzəriyyə ilə bağlı tədqiqatları  uğurla davam etməkdədir.

 

Samirə KƏRİMOVA

 

 

 



09.07.2021 | 15:32