Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

İyulun 9-da 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib.
 

KİV nümayəndələrinin iştirakı ilə baş tutan mediatur zamanı imtahanın gedişatı yaxından izlənilib, bu proseslə bağlı fikir mübadiləsi aparılıb.
 

Bildirilib ki, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsində 59 171 namizəd iştirak hüququ qazanıb. İmtahanların beşinci günündə ibtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verir. Bugünkü imtahanda 3291 namizədin iştirakı gözlənilir.
 

5-8 iyul tarixlərində keçirilən imtahanlarda 9 628 namizəd iştirak edib. Namizədlərdən 7 nəfər 60 bal toplayaraq ən yüksək nəticə göstərib.
 

Qeyd edək ki, iyulun 5-dən etibarən start verilən müəllimlərin işə qəbulu imtahanları avqustun 2-dək davam edəcək.

 

 



09.07.2021 | 17:45