Esse və dissertasiya yazmaq qaydaları

Azərbaycan Elm Assosiasiyasının (Azerbaijan Science Association – ASA)  elmin müxtəlif sahələri üzrə aktual məsələlərə dair seminarlar təşkil etməsi tələbələrimiz tərəfindən maraqla qarşılanır.  Öz sahələrində müəyyən uğur əldə etmiş gənc mütəxəssislər tərəfindən keçirilən seminarlarda gənc alimlərin və mütəxəssislərin təqdimatçı qismində iştirakı da bu tədbirlərin əhatə dairəsinin və mövzularının genişliyindən xəbər verir.

 

Bu yaxınlarda ASA-nn təşkil etdiyi  növbəti  tədbirlərdən biri isə xeyli maraqlı mövzuya - esse və dissertasiya yazmaq qaydalarına həsr olunub.  Azərbaycan Elm Assosiasiyasının "İB Klub"  ilə birlikdə təşkil etdiyi seminarda təqdimatçı qismində " 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" nın iştirakçıları olan Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin magistrantı İnqilab Şahbazov və London Imperial Kollecinin magistrantı Orxan Kərimzadə çıxış ediblər. Tədqimatda  əyani nümunələr vasitəsilə esse və dissertasiyaların yazılması qaydaları və ədəbiyyatın öyrənilməsinə dair təfərrüatlı məlumatlar iştirakçılara çatdırılıb.  Sonda  iştirakçılarla sorğu-sual seansı keçirilib, təlimdə əhatə edilən məsələlərin yığcam şəkildə yerləşdirildiyi vərəqlər paylanılıb.

 

Qeyd edək ki,  Azərbaycan Elm Assosiasiyası (Azerbaijan Science Association – ASA)  2016-cı ildə bir qrup yenilikçi və təhsildə uğur əldə etmiş azərbaycanlı gənc tərəfindən təsis olunub.

 

Oruc MUSTAFAYEV

 



28.02.2018 | 10:00