Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzində təşkil olunan daha iki qısamüddətli təlim yekunlaşıb

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzində təşkil olunan daha iki qısamüddətli təlim uğurla başa çatıb. “Sistem İnzibatçılığı” və “Şəbəkə İnzibatçılığı” təlimlərini uğurla tamamlayan 32 şəxs dövlət nümunəli sertifikatlarla təltif edilib.

 

Bu münasibətlə keçirilən tədbirdə  təhsil nazirinin müavini İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov, Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzinin direktoru İdris Musayev və digər şəxslər iştirak ediblər.

    

İki ay davam edən “Sistem İnzibatçılığı” və “Şəbəkə İnzibatçılığı” üzrə təlimlərdə iştirakçı olan şəxslər sistem və şəbəkə inzibatçılığı vəzifələrini yerinə yetirmək üçün tələb edilən baza nəzəri və praktiki biliklərə yiyələniblər. “Şəbəkə İnzibatçılığı” üzrə təlimlərdə iştirak edən şəxslər şirkətlərin şəbəkə arxitekturasının qurulması və idarə edilməsi, “Sistem İnzibatçılığı” üzrə təlimlərdə iştirak edən şəxslər isə kompüter idarəetmə sistemini mərkəzləşdirmək üçün xüsusi server avadanlıqlarının qurulması, habelə kompüter sistemlərinin fəaliyyətinə və təhlükəsizliyinə nəzarət etmək kimi istiqamətlərdə biliklər qazanıblar.

    

Mart ayından etibarən artıq 14 istiqamət üzrə qısamüddətli təlimlər həyata keçirilməkdədir. Müraciət edən 3000-də çox ərizəçidən təqribən 400 şəxs seçilərək təlimlərə cəlb edilib.

 

Təlimlər əsasən İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsi üzrə (İT Texniki Dəstək, Sistem və Şəbəkə İnzibatçılığı, Proqramlaşdırma, Java və s. kimi sahələr), maliyyə, logistika, müştəri xidmətləri, avtomobil diaqnostikası, CNC Torna və Frezer dəzgahları, qaynaqçı və s. kimi sahələri əhatə edir. Təlim istiqamətləri əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq müəyyən edilir və sahə üzrə  təcrübəli mütəxəssislər, təlimçilər tərəfindən həyata keçirilir.

    

Xatırladaq ki, cari ilin mart ayından başlayaraq,  Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə müxtəlif peşə təhsil müəssisələrinin nəzdində yeni qısamüddətli təlimlərin icrasına başlanılıb. Təlimlərin əsas məqsədi əmək bazarının dəyişən ehtiyaclarına uyğun kadr hazırlığı aparmaq, həmçinin vətəndaşların qısa müddətdə qazanılan bilik, bacarıq və səriştələri vasitəsilə əmək bazarında daha uğurlu olmalarına, karyera imkanlarını artırılmalarına dəstək verməkdir. Yaxın gələcəkdə bir çox qabaqcıl peşə təhsil müəssisələrində bu səpkidə təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

    

Qısamüddətli təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin sosial media kanallarında elan olunur  və müraciətlər elektron şəkildə qəbul edilir. Təlimlərə 18 yaşdan yuxarı şəxslər müraciət edə bilərlər. Hər təlim istiqaməti üzrə seçim meyarları və tələbləri müvafiq sahəyə və təlim proqramına əsasən müəyyən olunur.

 

 



12.07.2021 | 17:46