Seysmoloji Xidmət Mərkəzində yeni seysmik cihazlar testdən keçirilib

Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılması ilə bağlı Kanada və amerikalı mütəxəssislər tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları üçün treninqlər təşkil olunub.

 

Treninqlərdə RSXM-nin müvafiq bölmə və şöbə rəhbərləri, eləcə də seysmik stansiyaların quraşdırılması və fəaliyyətinə nəzarət edən əməkdaşlar iştirak ediblər.

 

Onlayn şəkildə keçirilən müzakirələr zamanı xarici mütəxəssislər yeni seysmik stansiyaların quraşdırılması və iş prinsipləri ilə bağlı mərkəz əməkdaşlarını ətraflı məlumatlandırıblar. Həmçinin cihazların texniki parametrləri ilə bağlı məsələlər də izah edilib. Treninqlər zamanı cihazların test edilməsi, məlumatların köçürülməsi, saxlanılması və s. kimi suallara da aydınlıq gətirilib. Treninqlərin sonuncu günü mərkəzin laboratoriyasında yeni cihazlar test edilib və testin nəticəsi xarici tərəfdaşlarla birgə nəzərdən keçirilib.

 

Xatırladaq ki, bu il Azərbaycan ərazisində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən xarici qrant hesabına alınmış daha 22 seysmik stansiya quraşdırılacaq. Artıq bəzi regionlarda quraşdırma üçün ilkin işlərə başlanılıb. Hazırda yeni seysmik stansiyaların seçilmiş yerlər üzrə quraşdırılması prosesi davam etdirilir. Üç rayonda yeni stansiyaların quraşdırılması üçün bünövrə işləri tamamlanıb. Yeni seysmik stansiyaların fəaliyyətə başlaması ölkə ərazisində Seysmik Monitorinq şəbəkəsinin genişlənməsi və aparılan seysmoloji tədqiqatların keyfiyyətinin daha da yüksəldilməsinə səbəb olacaq.

 

Həmçinin Azərbaycan seysmoloqları dünyada ilk dəfə olaraq palçıq vulkanlarını, onların dinamikasını və vulkan ətrafı zonada gedən yeraltı prosesləri həmin ərazidə quraşdırılmış seysmik stansiyalar vasitəsi ilə müşahidə edəcəklər.

 



13.07.2021 | 17:24