“Təkcə şagirdlərimlə yox, həm də müəllimlərlə kimyanın tədrisində vacib yenilikləri paylaşacağam”

İyulun 14-də kimya fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanında Şəbnəm Həmzəyeva 59 bal toplayaraq ən yüksək göstərici ilə fərqlənib.

 

O, 1990-cı ildə Xəzər rayonunun Şüvəlan qəsəbəsində doğulub. Qəsəbədəki 156 nömrəli tam orta məktəbdən məzun olduqdan sonra əvvəlcə Azərbaycan Dövlət Pedaqoji Universitetini Kimya-Biologiya müəllimliyi ixtisası üzrə bakalavr səviyyəsində, daha sonra Bakı Dövlət Universitetini Üzvi kimya ixtisası üzrə magistratura səviyyəsində bitirib: “Ailə qurdum, bununla əlaqədar çalışa bilmədim. İlk dəfə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 2018-ci ildə, heç hazırlaşmadan qatıldım. Ancaq artıq qərarlıyam, müəllim kimi fəaliyyətə başlayacağam”.

 

Harada işləmək istədiyinə gəlincə, iş yerinin yaşadığı Şüvəlan qəsəbəsində olmasını istəyir: “İstəyim odur ki, yaşadığım yerdə olsun. Amma Şüvəlanda vakansiya olmasa, ətraf kəndlərdə də işləməyə hazıram”.

 

Gənc namizəd deyir ki, builki vakansiya seçimində iştirak etməkdə və növbəti tədris ilindən müəllimliyə başlamaqda qərarlıdır:” 2020-ci il vətənpərvərlik hisslərimizin ən yüksək həddə çatdığı il oldu. Bu hissləri güclü daşıyan biri kimi artıq mən də müəllimlik vəzifəsinin öhdəsindən layiqincə gələrək xalqıma faydalı olmaq niyyətindəyəm”.

 

Ş.Həmzəyeva müəllim kimi auditoriyasının, sadəcə şagirdlərlə məhdudlaşmayacağına əmindir:”Kurikulumu hər kəs oxuyur və uğurla imtahan verənlər kifayət qədərdir. Bilirsiniz ki, kurikulum şagird yönümlüdür və onların mənafelərinə xidmət edir. Mən şagirdlərimə fənnimi kurikulum əsasında mənimsədəcəyəm. Əsas budur. Tətbiq etdiyim, uğur qazandığım təcrübəmi başqalarıyla da bölüşəcəyəm. Müəllimliklə yanaşı, təlimçi də olacağam. Yalnız şagirdlərimlə yox, həm də müəllimlərlə kimyanın tədrisində vacib yenilikləri paylaşacağam”.

 

Ruhiyyə            

 



15.07.2021 | 09:43