ADU ilə “Birgə və Sağlam” İctimai Birliyi arasında əməkdaşlıq

Azərbaycan Dillər Universiteti (ADU) ilə  “Birgə və Sağlam” İctimai Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

 

Memoranduma əsasən, hər iki qurum  yerli və beynəlxalq ekspertlərin cəlb edilməsi ilə xüsusi qayğıya ehtiyacı olan şəxslərin ailələrinə, onlarla məşğul olan mütəxəssislərin bilik, bacarıqlarının artırılması istiqamətində birgə təlim, seminar və vebinarlar təşkil edəcək. Bundan başqa, tərəflərin müəyyənləşdirdiyi ixtisaslarda bakalavriat, magistratura səviyyəsində təhsil alan tələbələrə buraxılış və dissertasiya işlərini hazırlamaq üçün “Birgə və Sağlam” İctimai Birliyinin tərkibindəki Autizm Bərpa Mərkəzində elmi araşdırmaların aparılmasına köməklik göstəriləcək.

 

Eyni zamanda ADU-nun müvafiq ixtisaslarında təhsil alan və gələcəkdə xüsusi qayğıya ehtiyacı olan şəxslərlə işləməyi planlaşdıran tələbələr üçün birliyin tərkibindəki bərpa mərkəzində təcrübə proqramları və təlimlər təşkil olunacaq.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla iki qurum arasında əsası qoyulan əməkdaşlığı yüksək qiymətləndirib. Bildirib ki, hər iki tərəfin bir-birindən faydalanacağı böyük mənəvi dəyərlər var və ADU memorandumda əksini tapan məsələlərlə bağlı bütün istiqamətlərdə öz davamlı dəstəyini göstərəcək.

 

“Birgə və Sağlam” İctimai Birliyinin rəhbəri Aytən Eynalova rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, istiqamətləri və layihələri haqqında ətraflı məlumat verib, ADU-nun rəhbərliyinə təşəkkürünü bildirib.

 



15.07.2021 | 16:54