“Müasir dövrün informasiya cəmiyyətinin problemləri”

İyulun 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə dünya şöhrətli alim, süni intellekt sahəsinin dahi yaradıcılarından biri, professor Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müasir dövrün informasiya cəmiyyətinin problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Konfransda filialın direktoru, dosent Yusif Alıyev, professor, müəllim, doktorant və tələbə heyəti, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, professor Hikmət Babaoğlu, “Məktəb guşəsi” jurnalının baş redaktoru Məzahir Məmmədli, “Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru Oruc Mustafayev iştirak ediblər. ADPU-nun Quba filialının direktor müavini Aysel Şeydayevanın moderatorluğu ilə baş tutan konfrans Lütfi Zadənin elmi fəaliyyətinin əsaslandırılması, qeyri-məntiq nəzəriyyəsi haqqında məlumatların verilməsi ilə başlanıb.

 

Sonra ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev “Müasir dövrün informasiya cəmiyyətində nəyi dəyişməliyik? - https://adpuquba.edu.az saytında yeniliklər” mövzusunda çıxış edib. Bildirib ki, informasiya cəmiyyəti sferasında tətbiq edilən əksər texnolgiyalar məhz Lütfi Zadənin adı ilə bağlıdır. Onun qeyri-səlis çoxluqlar nəzəriyyəsi bütün sferalarda istifadə olunur. Direktor informasiya sızmalarına, dezinformasiyaya qarşı mütərəqqi mübarizədən söz açıb. Qeyd edib ki, internet imkanları medianın həyatımıza daha sürətli şəkildə daxil olmasını zərurətə çevirib. Y.Alıyev vurğulayıb ki, informasiya siyasətində Prezident İlham Əliyevin apardığı strategiyanı rəhbər tutaraq müstəqil ölkənin vətəndaşı olaraq yad ünsürlərin dezinformasiyalarını yaxına buraxmamalıyıq. Direktor beyin zəhərlənməsindən, medianın buna təsirindən söz açıb. Bildirilib ki, yaxın vaxtlarda filialın “Telegram” kanalı və “Twitter” səhifəsi fəaliyyətə başlayacaq. Həmçinin https://adpuquba.edu.az/ saytının təqdimatının da yüksək səviyyədə keçirilməsi nəzərdə tutulub. Son 2 ildə magistraturaya qəbul olunan tələbələrin statistikasının son 5 illə müqayisədə xeyli yüksək olmasını vurğulayan Y.Alıyev statistik göstəriciləri konfrans iştirakçılarına təqdim edib.  Filialın bir sıra əcnəbi ali təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlıqlarının genişləndirilməsi istiqamətində görülən işləri də sadalanıb. Yaxın gələcəkdə filialın Türkiyənin 4 ali təhsil müəssisəsi ilə böyük layihə əməkdaşlığı gözlənilir. Növbəti illərdə filialla Qars Universiteti arasında ikili diplom proqramının həyata keçirilməsi istiqamətində də müzakirələr aparılır. Həmçinin Yaponiyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində tədqiqat laboratoriyasının açılması, Yaponiya ali təhsil təcrübəsinin öyrənilməsi planlaşdırılır.

 

Daha sonra çıxış edən millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, professor Hikmət Babaoğlu Azərbaycanda medianın inkişafına dövlət dəstəyindən söz açıb. Qeyd edib ki, Quba filialının belə aktual və məzmunlu tədbir keçirməsini alqışlayır və yüksək qiymətləndirir. Çünki milli informasiya cəmiyyəti qlobal çağırışlar astanasındadır və bu çağırışlar bizim fəaliyyətimiz üçün cazibə rolunu oynamaqdadır. Bu gün elm informasiyanın ali formasıdır. O, bunu fiziki əsaslarla sübuta yetirib. Millət vəkili sosiologiyanın cəmiyyəti təsnifatlaşdırma meyarlarından söz açıb.

 

O, postmodernist cəmiyyətin əsas xüsusiyyətlərini sadalayıb və hazırda informasiya cəmiyyətində yaşadığımızı qeyd edib. ADPU Quba filialının uğurlu fəaliyyətini daim mətbuat vasitəsilə izlədiyini vurğulayan H.Babaoğlu əlavə edib ki, regionda belə müasir tələblərə cavab verən ali təhsil müəssisəsinin olması çox təqdirəlayiqdir. Millət vəkili yüksək təhsil göstəriciləri və yenilikləri nəzərə alaraq filialla əməkdaşlığa hər zaman hazır olduğunu söyləyib.

 

“Məktəb guşəsi” jurnalının baş redaktoru Məzahir Məmmədli çıxışını “Onlayn, yoxsa əyani informasiya cəmiyyəti - hansı daha tez maarifləndirir?” sualı üzərində qurub. M.Məmmədli informasiya cəmiyyətinin böyük anlayış olduğunu diqqətə çatdıraraq mövzu ilə bağlı fikirlərini bölüşüb.

 

“Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru Oruc Mustafayev “Elmin inkişafında qəzetlərin rolu” mövzusunda məruzə edib. Bildirib ki, bu gün Azərbaycanın ali təhsil sisteminin yalnız böyük şəhərlərlə məhdudlaşmaması sevindirici amildir. Onun sözlərinə görə, pandemiya həm universitetlər, həm də informasiya cəmiyyəti üçün gözlənilməz olub. Məruzədə ali təhsil müəssisələrinin informasiya cəmiyyətinin yaratdığı şərait fonunda təkmilləşdiyi vurğulanıb. O. Mustafayev sonda Lütfi Zadə irsinə müraciət edərək onun İKT-nin insan həyatında yenilikçi rolu ilə bağlı çıxışlarından sitat gətirib. Bildirib ki, böyük alimin hələ 50 il öncə texnologiyaların gələcəyi ilə bağlı söylədiklərini məhz indi informasiya cəmiyyəti fonunda müşahidə edirik.

 

Sonra filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimləri Rahib Sədullayev, Eyvaz Şeydayev çıxış ediblər.

 

Konfrans ADPU Quba filialı barədə tanıtım çarxının səsləndirilməsi ilə başa çatıb.

 

 



16.07.2021 | 14:16