Milli tərbiyə sistemi azərbaycançılıq ideologiyasının əsas mənbələrindən biri kimi

Azərbaycançılıq ideologiyasının mahiyyətini vurğulayan ulu öndər Heydər Əliyev demişdir: “Böyüməkdə olan nəslin mənəviyyatca zəngin, ideyaca mətin, yüksək əxlaqi şəxsiyyət kimi formalaşdırılması bu gün cəmiyyətimiz qarşısında duran çox mühüm vəzifədir”.

 

Müsəlman Şərqində ilk demokratik respublika yaradan Azərbaycan xalqının zəngin milli tərbiyə sistemi vardır. Müasir dövrdə bu tərbiyə sistemi bir mənbə kimi böyüməkdə olan nəsillərdə milli ideoloji düşüncənin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Ona görə də qloballaşan dünyada hər birimizi düşündürən ən vacib məsələlərdən biri də məhz xalqımızın milli tərbiyə sisteminin qorunması və onun əsasında  milli ideoloji düşüncəyə malik, yəni azərbaycançılıq ideologiyasını mənimsəyən, dərk edən və öz fəaliyyətini bu təməllər üzərində qurmağı bacaran şəxsiyyətin formalaşdırılmasıdır. Təhsilalanlarda  azərbaycançılıq ideologiyasının formalaşdırılması nəticə etibarilə milliliyə, dəyərlərə, dövlətçiliyə xidmət edir.

 

İlk növbədə “Tərbiyə nədir, tərbiyə işi necə təşkil olunmalıdır” sualı hər birimizi düşündürür. Elmi araşdırmalar və mövcud təcrübə göstərir ki, tərbiyə - şəxsiyyətin məqsədyönlü, ardıcıl formalaşması və inkişafı prosesidir. Tərbiyə işi özünəməxsus xüsusiyyətlərə malikdir. Onun düzgün idarə olunması və yüksək səmərə verməsi üçün həmin xüsusiyyətləri yaxşı mənimsəmək və tərbiyə  prosesində nəzərə almaq vacibdir. Aparılmış tədqiqatların nəticəsində tərbiyə işinin xüsusiyyətlərini aşağıdakı kimi izah etmək olar:

 

1. Tərbiyə, o cümlədən milli tərbiyə sistemi çoxamilli proseslərlə bağlıdır. Yəni, şəxsiyyətin formalaşdırılmasında bir sıra  amillərin nəzərə alınması vacibdir.  Məsələn, məktəb, ailə, ictimaiyyət, sosial mühit, yaşlı insanlar, televiziya, kütləvi informasiya vasitələri, filmlər, internet resursları, bədii, sənət əsərləri və s. kimi amillər böyüyən nəsillərin tərbiyəsində, şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır.

2. Tərbiyə insanın bütün ömrü boyu davam edən prosesdir. Bu işdə fasiləyə yol vermək olmaz.

3. Tərbiyə prosesində şəxsiyyətin keyfiyyətləri bir-birindən ayrı deyil, sıx vəhdətdə nəzərə alınmalıdır. Məsələn, vətənpərvərlik, dövlətə, dövlətçiliyə sədaqət, tarixi keçmişə, adət-ənənələrə, milli mədəni irsə  hörmət, vətəndaşlıq, milli təfəkkür, müstəqil düşüncə və sair kimi mənəvi keyfiyyətlərin vəhdətdə, kompleks şəkildə formalaşdırılması həmişə diqqətdə saxlanılmalıdır.

4. Tərbiyədə xırda hesab edilən, əhəmiyyətsiz məsələ yoxdur. İnsan şəxsiyyətinin formalaşdırılmasına təsir göstərən bütün  vasitələr, elementlər nəzərə alınmalıdır.

5. Tərbiyə sistemində vacib məsələlərdən biri də özünütərbiyə və yenidən tərbiyə məsələsidir. Bunlar tərbiyə işinin sistemli təşkilində mühüm əhəmiyyət kəsb edir və uzunmüddətli prosesdir.

 

Müasir dövrdə yeniləşən təhsil sistemində azərbaycançılıq ideologiyasının öyrənilməsi ən ümdə vəzifə kimi qarşıya qoyulur. Azərbaycançılıq, həm də bir ideya olaraq milli tərbiyə sisteminin təməlini təşkil edir. Bu sistemin metodoloji xüsusiyyətləri məhz azərbaycançılıq ideyasında, azərbaycançılıq ideologiyasında əksini tapır. Bu yanaşma, eyni zamanda, milli tərbiyə sisteminin  azərbaycançılıq ideologiyasının mənbəyi kimi dərk olunmasına, onun bu istiqamətdə tətbiqinə imkanlar yaradır. Yəni, milli tərbiyə sistemi bir mənbə olaraq azərbaycançılığa istiqamətlənirsə, azərbaycançılıq ideologiyası da konseptual baxımdan milli tərbiyə işinin təşkilində mühüm vasitə rolunu oynayır. Buna görə də pedaqoji prosesdə ilk növbədə nəyi öyrətməli və nə məqsədlə öyrətməli kimi suallar ətrafında düşünülməli və buna cavab axtarılmalıdır.

 

Azərbaycançılıq ideologiyasının formalaşdırılması və inkişaf etdirilməsi  ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq konsepsiyası əslində təhsilalanlarda formalaşdırılan düşüncə sistemini izah edir. Burada azərbaycançılıq milli ideologiyamızın ana xətti-məzmun xətti kimi verilmiş və təhsilalanlarda bu məfkurənin formalaşdırılmasının zəruriliyi əsaslandırılmışdır. Tədqiqatlar və təcrübə göstərir ki, müasir dövrdə azərbaycançılıq ideologiyasının formalaşdırılması tariximizə, dövlətçilik ənənələrimizə, mədəniyyətimizə, milli və bəşəri dəyərlərə, torpağa, vətənə, millətə hörmət və məhəbbətdən, milli düşüncəyə, hiss və duyğulara yiyələnməkdən başlayır. Bu isə məktəbdə təlim-tərbiyə işinə sistemli yanaşma, problemlə bağlı nəzəri və praktik məsələləri lazımi səviyyədə mənimsəmə və tətbiqetmə bacarıqları, məktəb rəhbərlərinin, fənn müəllimlərinin pedaqoji prosesdə kreativ səriştəliliyi, proqramların, tədris resurslarının imkanları və digər məsələlərlə bilavasitə bağlıdır.

 

İndiki zamanda və gələcəyimiz üçün olduqca vacib olan azərbaycançılıq ideologiyası cəmiyyətin sosial, iqtisadi, siyasi, mənəvi həyatında rəhbər tutduğu ideya və prinsiplər, davranışa, inkişafa istiqamət verən düşüncələr toplusu kimi həm də milli tərbiyə sistemindən qaynaqlanır və cəmiyyətin hərəkətverici qüvvəsi olaraq mühüm rol oynayır.

 

Azərbaycançılıq ideologiyasının mahiyyətini vurğulayan ulu öndər Heydər Əliyev demişdir: “Böyüməkdə olan nəslin mənəviyyatca zəngin, ideyaca mətin, yüksək əxlaqi şəxsiyyət kimi formalaşdırılması bu gün cəmiyyətimiz qarşısında duran çox mühüm vəzifədir”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də azəbaycançılıq ideologiyasına xüsusi əhəmiyyət  verərək tərbiyə məsələsini, milli dəyərlərimizi  ön plana çəkir:“Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz,  ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər, hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir”. Tamamilə doğru yanaşmadır. Təcrübə göstərir ki, təhsilalanların milli ruhda tərbiyəsi onlarda  həm də azərbaycançılıq hissinin formalaşmasına imkanlar yaradır. Bu baxımdan, aşağıdakı məsələlərə xüsusi diqqət yetirmək vacibdir:

 

  • * Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq hüquq normalarına  tabe olmaq;
  • * Ölkənin konstitusiya qanunlarında göstərilən konstitusion borcunu dərk etmək və onlara riayət etmək;
  • * Azərbaycanın tarixini bilmək və ölkənin mənafeyini qorumaq;
  • * Ölkənin milli-mənəvi dəyərlərindən irəli gələn məsələləri yerinə yetirmək;
  • * Vətəndaş qarşısında təsbit olunan bütün qayda-qanun və borclara əməl etmək;
  • * Hərbi mükəlləfiyyətli  vətəndaşların (təhsilalanların) hərbi borcunu yerinə yetirmək, ölkənin sərhədlərinin qorunması, torpaqlarının bölünməzliyinin müdafiəsinə hazır olmaq;
  • * Düşmənlərin haqsızlığına qarşı susmamaq və əsl həqiqəti dünyaya çatdırmaq.
  • * Ailə və mülkiyyət məsələlərindən irəli gələn vəzifələri yerinə yetirmək;
  • * Öz vəzifə və hüquqlarını dərk etmək, onlara düzgün əməl etmək;
  • * Milli-dini zəmində cəmiyyətdə ayrı-seçkiliyə yol verməmək;
  • * Vətəni tanımaq və sevmək; yaşadığı ölkənin maddi (yeraltı, yerüstü sərvətlərini) və mənəvi (görkəmli şəxsiyyətlərini tanımaq, onların ideya və fikirlərini öyrənmək, qoyub getdikləri irsi qorumaq) dəyərlərini bilmək və onları qorumaq;
  • * Xalqının milli-mənəvi dəyərlərini, adət- ənənələrini bilmək və ona əməl edərək qoruyub saxlamaq;
  • * Ölkənin təbiətinə və təbii sərvətlərinə qoruyucu münasibət bəsləmək,  təbiətinin mühafizəsində, ekoloji tarazlığın qorunmasında fəal olmaq.
  • * Xalqına düzgün xidmət etməklə cəmiyyət qarşısında borcunu vermək;
  • * Əmək məsuliyyəti daşımaq.

 

Milli tərbiyə sistemini əsas götürərək təhsilalanlarda azərbaycançılıq hissinin formalaşdırılması şəxsiyyət yetişdirilməsi ilə sıx bağlı olduğuna görə təbii ki,  bilavasitə pedaqoji mahiyyət daşıyır. Məsələyə bu baxımdan yanaşaraq qeyd etməliyik ki, təlim prosesində təhsilalanlara onun mahiyyətini açıqlayarkən, müəllim mütləq hüquqi bilik və məlumatlardan istifadə etməlidir. Həmçinin azərbaycançılıq hissinin formalaşdırılması üçün hər bir fənnin tədrisi prosesində bu məsələyə xüsusi yer verməli və böyüməkdə olan nəsillərin milli tərbiyə məsələsinin nə qədər əhəmiyyətli olduğunu dərindən dərk etmələrinə nail olmalıdır.

 

Təcrübə göstərir ki, milli tərbiyə sisteminin tərkib hissəsi kimi milli mənəvi keyfiyyətlərin təhsilalanlara aşılanması milli ideologiyaya xidmət etməlidir. Hər bir təhsilalan milli ideologiyaya xidmət borcunun həm də ağıl, hiss, davranış və digər cəhətləri özündə əks etdirdiyini şüurlu şəkildə dərk etməlidir. Bu yanaşma əsasında problemin dərki möhkəm əqidəyə sahib olmağın vacibliyini, dövlətçilk, milli mənlik  şüurunun, tarixi keçmişə hörmət, milli ləyaqət, vətənə, millətə bağlılıq hisslərinin və sair kimi mənəvi keyfiyyətlərin mənsub olduğu xalqın, cəmiyyətin inkişafında son dərəcə mühüm əhəmiyyət daşıdığını göstərir.

 

Araşdırmalar və təcrübə göstərir ki,  bütövlükdə azərbaycançılıq ideologiyasının formalaşdırılmasına xidmət edən milli tərbiyənin əsası  elə ailədə qoyulur. Bu istiqamətdə ailədə verilən tərbiyə isə məktəbdə də məqsədli və sistemli şəkildə davam etdirilir. Məktəblərdə milli tərbiyə müxtəlif siniflərdə şagirdlərin yaş və inkişaf səviyyəsinə uyğun aparılır.Aşağı siniflərdən başlayaraq şagirdlər adət-ənənələrlə, tariximizlə, dövlətimizin millətin həyatında oynadığı rolla, döyüş qəhrəmanlarının şücaəti, elm xadimlərinin nailiyyətləri və digər məsələlərlə sistemli  tanışlıq olaraq onlarda Azərbaycan, Azərbaycan dövləti, Azərbaycan xalqı, adət-ənənələr, Vətən, millət haqqında tədricən ən zəruri bilik və bacarıqlar yaranır. Bu bilik və bacarıqlar təhsilalanların təfəkkürünü, xarakterini, milli simasını, mentalitetini formalaşdırır və təhsilalan millətin övladı olaraq nə üçün və hansı məqsəd uğrunda  mübarizə aparacağını aydın şəkildə dərk etməyə başlayır.

 

Təcrübə göstərir ki, milli tərbiyə sistemi əsasında azərbaycançılıq ideologiyasının formalaşdırılmasında müxtəlif amillərin bu və ya digər dərəcədə rolu vardır. Bu baxımdan, təhsil proqramı, məktəbdə idarəetmənin təşkili xüsusiyyətləri, müəllimin iş metodlarının məqsədəuyğunluğu, məktəb-ailə əlaqələrində məqsədəuyğunluq və sair kimi  amillər göstərilə bilər. Məsələn, bu amillərdən biri olan təhsil proqramı  milli tərbiyə sisteminə  əsaslanaraq böyüməkdə olan nəsillərdə  azərbaycançılıq ideologiyasının formalaşdırılması üçün geniş imkanlara malikdir.  Müstəqillik dövründə  təhsil proqramı cəmiyyətin inkişaf tələbinə uyğun olaraq daim yenilənmiş və  bu gün də təkmilləşmə prosesi davam etdirilir. Təhsil proqramının məzmununda milli və bəşəri dəyərlərin vəhdəti prinsipi nəzərə alınmışdır. Bu gün təhsilalanlarda dəyəryönlü bacarıqların, milli dəyərlərə əsaslanan mənəvi keyfiyyətlərin formalaşdırılması imkanları genişdir. Bu imkanlar milli tərbiyənin mahiyyətindən doğur və eyni zamanda azərbaycançılıq ideologiyasının dərkinə, təhsilalanlara bu məfkurənin sistemli şəkildə aşılanmasına təsir göstərir.

 

Problemin həlli istiqamətlərində məktəbdə idarəetmənin təşkili xüsusiyyətləri  də mühüm bir amil kimi göstərilə bilər. Məktəb idarəçiliyində demokratik, humanist yanaşma əsas götürülməklə, təhsilalanların milli tərbiyəsi hər zaman ön planda olmalıdır. Tədris ili üçün hazırlanan Fəaliyyət planlarında təhsil sahəsində dövlət siyasətinin mahiyyətindən irəli gələn milli tərbiyə, milli məfkurə məsələlərinə, dövlət, millət, vətən anlayışlarının müqəddəs anlayışlar kimi hər bir azərbaycanlının taleyi üçün daşıdığı məna yükünün öyrənilməsi və təbliğinə, xalqımızın milli dəyərlərinin, təhsilalanlarda milli ruhun oyanmasına, inkişafına xidmət edən tədbirlərin keçirilməsinə ciddi əhəmiyyət verilməlidir. Araşdırmalar göstərir ki, işin bu istiqamətdə qurulması nəticə etibarilə təhsilalanlarda azərbaycançılıq ideologiyasının dərkinə, milli dövlətçilik, vətənpərvərlik, Azərbaycan tarixi və mədəniyyətinə hörmət hissinin formalaşması və inkişafına zəmin yaradır. Milli tərbiyə sisteminə əsaslanaraq təhsilalanlarda azərbaycançılıq ideologiyasının formalaşdırılmasında  fənn müəllimlərinin, ilk növbədə, humanitar-ictimai fənn müəllimlərinin rolu böyükdür. Fənn müəllimi də milli tərbiyə sistemi ilə bağlı nəzəri hazırlığını daim təkmilləşdirməli, eyni zamanda praktik məsələləri, sinfi, auditoriyanı müasir tələblər əsasında idarə etməyi, düzgün ünsiyyət qurmağı bacarmalıdır. İşin təşkili prosesində hər bir təhsilalanın fərdi xüsusiyyətləri məsələn, öyrənmə tərzləri, vərdişləri və dəyər mühakimələri nəzərə alınmalıdır. Müəllim vaxtdan səmərəli istifadə etmək üçün plan qurmalı və bu planı lazımi səviyyədə həyata keçirməyə səy göstərməlidir. Müəllim dərsin məqsədinə uyğun düzgün tədris metodları seçməli, vaxtı hansı tədris fəaliyyətləri üçün sərf etməli olduğunu bilməli, əvvəlcədən dərsin məqsədlərini və məzmununu müəyyənləşdirməli və dərsin təqdimatı üçün lazımi hazırlıq və planlaşdırma aparmalıdır.

 

Plan və tədris fəaliyyətinin sonunda yaranan davranışların müqayisə edilməsi vacibdir. Təhsilalanlar dərk etməlidirlər ki, azərbaycançılıq həm də bir düşüncə sistemi olaraq milli birliyimizin, vətəndaş yetkinliyimizin, vətənimizin bütövlüyü, qorunması hissinin, dövlətimizin daha da möhkəmləndirilməsi və inkişafına xidmət edir.

 

Nəticə. Təcrübə göstərir ki,  problem baxımından işin məqsədəuyğun təşkili, milli tərbiyə sisteminin nəzəri və praktik mənbə kimi dəyərləndirilməsi təlim-tərbiyənin keyfiyyətini yüksəldir, o cümlədən təhsilalanlarda azərbaycançılıq ideologiyasının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Ona görə də milli tərbiyə sisteminin hər zaman öyrənilməsi və ona azərbaycançılıq ideologiyasının mənbəyi kimi yanaşılması vacibdir. Bu, həm də böyüyən nəsillərin milli ruha, azərbaycançılıq ruhuna bağlılığı, şəxsiyyət kimi formalaşdırılması imkanlarını genişləndirir.

 

Bütün tarixi dövrlərdə şəxsiyyətin formalaşdırılması məsələsi diqqəti cəlb edən vacib problem kimi cəmiyyəti düşündürmüş və bu işin məzmunu, həyata keçirilməsi yollarına münasibət bildirilmişdir. Müasir dövrdə də bu məsələ aktuallıq baxımından mühüm əhəmiyyət kəsb edir. Şəxsiyyətin formalaşdırılmasında isə azərbaycançılıq ideologiyası, azərbaycançılıq məfkurəsi aparıcı rol oynayır. Milli ruhlu şəxsiyyətin düşüncəsi azərbaycançılığa möhkəm tellərlə bağlı olmalıdır. Çünki azərbaycançılığın təməlində milli tərbiyə sistemi dayanır.

 

İntiqam  CƏBRAYILOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor



16.07.2021 | 12:13