Bir şərəfli ömrün uğurları fövqündə

Bitib-tükənməyən uğurlarla zəngin olan şərəfli ömür yaşayan alimlər dünyanın ən xoşbəxt adamlarından hesab olunurlar. Belə alimlərdən birinin şərəfli ömrünün səhifələrini vərəqləyəcəyik. Söhbət Azərbaycanın görkəmli pedaqoq-alimlərindən biri, pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim, Azərbaycan Təhsil İnstitutunun Təhsilin təşkili və planlaşdırılması şöbəsinin müdiri Piralı Əliyevin qazandığı nailiyyətlərdən və bitib-tükənməyən uğurlarından gedir. Bu gün elmi pedaqogikanın korifeyləri sayılan, Azərbaycanın görkəmli alimləri sırasında adları qızıl hərflərlə yazılan Mehdi Mehdizadə, Əhməd Seyidov, Nurəddin Kazımov, Hüseyn Əhmədov, Əliheydər Həşimov, Zahid Qaralov kimi görkəmli pedaqoq-alimlərin irsini böyük müvəfəqiyyətlə davam etdirən, öz dəyərli kəşfləri, elmi yenilikləri ilə bu irsi zənginləşdirən, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən Piralı Əliyevin qazandığı nailiyyətlərdən və uğurlarından danışmağı özümüzün mənəvi borcu hesab edirik. Əlbəttə ki, Azərbaycan elminin, xüsusilə pedaqoji elmlər sisteminin, pedaqoji fikir tarixinin zənginləşməsində bənzərsiz rolu olan, Azərbaycan təhsilinin, didaktika arenasının, tərbiyəşünaslığının ayrı-ayrı tərəfləri ilə bağlı ciddi tədqiqatlar aparan, apardığı tədqiqatların nəticələrinin praktikaya tətbiqinə nail olan, qazandığı uğurları ilə ölkəmizə, pedaqoji mühitimizə başucalığı gətirən görkəmli bir pedaqoq-alimin uğurlarından söhbət açmaqdan biz də qurur duyuruq.

 

Bəli, pedaqoji elmlər mürəkkəb, çoxşaxəli və inteqrativ olduğundan bu sahədə uğur qazanmaq, yeni, orijinal elmi-nəzəri ideyalar irəli sürmək, öz imzasını imzalar sırasına yazmaq çətin məsələdir. Çətinliklərə və süni yaradılan maneələrə mərdliklə sinə gərən, elmi-pedaqoji yaradıcılığı ilə təhsilimizin inkişafında bənzərsiz xidmət göstərən, öz şərəfli əməyi, zəhmətsevərliyi, qeyri-adi işgüzarlığı və eləcə də daxili saflılığı ilə pedaqoji ictimaiyyətin səmimi dostuna və görkəmli şəxsiyyətinə çevrilən pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim Piralı Əliyevin 65 yaşı tamam olur.

 

Yubiliyarımız Əliyev Piralı Behbudalı oğlu 1956-cı ilin qızmar yay günlərinin birində, iyul ayının 17-də Qarabağımızın dilbər güşələrindən olan Füzuli rayonunun Yağlıvənd kəndində tanınmış ziyalı, böyük nüfuz, hörmət və ehtiram sahibi kimi tanınan Behbudalı kişinin ailəsində anadan olmuşdur. 

 

Ailə faciəsi. Piralı müəllim babası Piralının adını daşıyır. O Piralı ki, 30-cu illərin əvvəllərində kəndin ilk kolxoz sədri olmuş və böyük hörmət, ehtiram, izzət sahibi kimi tanınmışdır. O zamanlar belə  hörmət, ehtiram və izzət sahibləri olan görkəmli ziyalıları ermənilər həmişə gözaltına alırdılar. Çünki baba Piralı Əliyev kimi gənc dövlət adamları öz xalqını bütün bəlalardan qorumağa hazır olan adamlar kimi fəaliyyət göstərirdilər. Sədri özlərinə təhlükə bilən ermənilər 42 yaşında bu görkəmli siyasi xadimi qətlə yetirmişlər. Bu, Yağlıvəndin ən tanınmış ailələrindən birinin ilk faciəsi idi. Sonrakı faciələr bir-birinin ardınca baş verdi. 42 yaşlı sədrin öldürülməsindən sonra ailənin ən gənc üzvlərindən biri olan Bayraməli də ermənilər tərəfindən qətlə yetirildi. Yağlıvənd kəndinin böyük hörmət sahibi olan ailəsinin 22 yaşlı, Bayraməli adlı ziyalısının ermənilər tərəfindən öldürülməsi ailə faciəsi hesab olunsa da, ailənin üzvləri sarsılmadılar, öz mübarizələrini davam etdirdilər. Moskvanın diktəsi ilə hərəkət edən, azərbaycanlılara qənim kəsilən ermənilərə qarşı Əliyevlər ailəsinin ağsaqqalları mübarizə apararaq həm öz ailələrini, həm də Yağlıvəndin perspektivli gənclərini qorudular. Ailə üzvləri ermənilər tərəfindən törədilən faciələrin sona yetməsini düşünərkən 90-cı illərin əvvəllərində daha bir faciə ilə rastlaşdılar. Ermənilər Qarabağın kəndlərində kütləvi ixtişaşlar törətdilər. İnsanları məscidlərə yığıb yandırdılar. Şair Qabil demişkən: “Əl çaldılar, sinələrdə “dasinçors”da oynatdılar; Od saldılar, kürəklərdə samavar da qaynatdılar”. Belə bir dəhşətli dövrlərdə Piralı müəllimin atası Behbudalı kişinin qardaşı Gülalı Əliyev  birinci Qarabağ müharibəsinin ən fəal üzvü kimi ermənilərə qarşı mərdliklə mübarizə apararaq, torpaq və millət qeyrəti çəkən igid övladlarımızdan biri kimi dillər əzbəri oldu. Lakin 1994-cü ildə Horadiz ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Gülalı Əliyev Əliyevlər ailəsinə daha bir faciə yaşatmış oldu. Gülalı Əliyevin “İgidliyə görə” medalı ilə təltif edilməsi ailə üçün ən böyük təsəlli oldu. Çünki, nəhayət, ailə faciəsinə dövlət tərəfindən diqqət yetirilmiş, ailənin igid övladı ermənilərə qarşı çətin döyüşlərdə fədakarlıq göstərdiyinə görə medalla təltif olunmuşdur.

 

Uğurlu təhsil illəri. Piralı Əliyevin ilk təhsil illəri 1963-cü ildə  Yağlıvənd kənd orta məktəbindən başlamışdır. O zamanlar Yağlıvənd kəndi də daxil olmaqla, 12 kəndin uşaqlarının təhsil aldığı ümumtəhsil məktəbi internat tipli idi. O, internatda həm əlaçı, həm intizamlı, həm yoldaşları ilə yüksək səviyyəli ünsiyyət saxlayan, dərsdənkənar tədbirlərdə fəal iştirak edən, bütün müsabiqələrdə qalib olan şagird kimi ad çıxarmışdı. İnternatda dərs deyən müəllimlər içərisində keçmiş SSRİ-nin müxtəlif şəhərlərindən gələn müəllimlər də var idi. P.Əliyev sevdiyi müəllimlərindən aldığı bilikləri mükəmməlləşdirir və orta təhsil illərində bir çox uğurlara imza atır. Orta təhsili əla qiymətlərlə başa vuran Piralı Əliyevin arzusu müəllim olmaq idi. Orta təhsil illərində ədəbiyyata böyük maraq göstərən, şifahi xalq yaradıcılığının bütün janrlarından bilikləri əxz edən, klassik ədəbiyyatı mükəmməl öyrənən, dünya ədəbiyyatını sevərək mütaliə edən bu gənc sənədlərini Xankəndində yenicə açılmış Ali Pedaqoji Təhsil müəssisəsinə verir. Qəbul imtahanlarında bütün fənlərdən yüksək qiymət alan P.Əliyev institutun filologiya fakültəsinə qəbul olunur. Xankəndinin füsunkar gözəlliyini hiss edən, onun təmiz havasını ciyərlərinə çəkən, doğma Qarabağ torpaqlarının əsrarəngiz qoxusunu duyan, qavrayan, qiymətləndirən gənc tələbə yaxşı bilirdi ki, 1813-cü ilə qədər burada erməni olmamışdır. Qarabağ tarixinə yaxından bələd olan tələbə öz yoldaşları ilə apardığı müzakirələrdə qeyd edirdi ki, 18-ci əsrin sonlarında müstəqil Azərbaycan dövlətlərindən biri kimi tanınan Qarabağ xanlığının rəhbərlərinin istirahəti üçün bura yaşayış məskəni kimi seçilmişdir. Seçilən ərazidə istirahət mərkəzi salınmışdır. Xanlığın fəaliyyətinə yüksək səviyyədə şərait yaratmaqdan ötrü xanlığın paytaxtı olan, daima başı dumanlarla ötüşən Pənahabad (Şura) dağlarının, yəni bir mahnıda deyildiyi kimi, başı dumanlı (Xan Şuşinskinin oxuduğu bir xalq mahnısında “Şuşanın dağları başı dumanlı” misraları vardır. - F.S.) Şuşa dağlarının ətəyində, indiki Şuşanın, təxminən 10 kilometrliyində, füsünkar dağ ətəyində salınan kəndin adını Xan kəndi kimi qeyd edirlər. Sonradan Xankəndi adlandırılan bu məkana ermənilər yerləşdirilir. Gənc Piralı tələbə yoldaşlarına onu da xatırladırdı ki, Azərbaycana rəhbərlik edən S.M.Kirovun və Rusiyanın hökumət başçıları Stalinin, Orconikidzenin himayəsi ilə Qarabağa, o cümlədən Xankəndinə İrandan köçürülən ermənilərin sayı ildən-ilə artırılırdı. Hətta Mərkəzi İcraiyə Komitəsinin (MİK) Biro iclasında Qarabağın ermənilərə verilməsi ilə bağlı qərar qəbul edilmiş, lakin MİK-ın həmsədrlərindən biri olan Nəriman Nərimanovun təkidi, narazılığı və ciddi səyi nəticəsində Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmaqla vilayət statusuna endirilmişdir. Tələbəlik illərində Rusiyanın himayəçiliyi ilə ermənilərin törətdikləri faciələrə qarşı mütəmadi çıxış edən, yerli əhalini maarifləndirən tələbə Piralı Əliyev institutun bütün tələbə və müəllim heyətinin rəğbətini qazanır. Əlbəttə ki, institutun erməni əsilli müəllimləri isə bu tələbəni gözümçıxdıya salsalar da, onun imtahanlarda aldığı yüksək qiymətlər, yəni elmi səviyyəsi, elmi dünyagörüşü qarşısında susmağa məcbur olurlar. Erməni faşistlərinin törətdikləri faciələrə məruz qalan, ailənin ziyalı övladı kimi böyüyən Piralı bütün fəaliyyəti dövründə qazandığı uğurlara sevinsə də, ermənilərin törətdikləri faciələr, yaddaşında, intibalar qabında kök salan acı xatirələr onu təkcə ermənilərə yox, ermənipərəst qüvvələrə qarşı apardığı mübarizələrdə, bir növ, püxtələşdirir, qazanacağı uğurlara gedən yolları axtarmağa başlayır. 

 

Müəllimləri ilə birgə işləmək şərəfi. Ali məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra Piralı Əliyev müəllim kimi fəaliyyətə başlamışdır. Müəllim kimi fəaliyyətə başlaması ona, bir növ, qol-qanad vermişdir. Çünki nazirliyin təyinatına görə Füzuli Rayonunun Təhsil Şöbəsinin sərəncamına göndərilən P.Əliyev rayon şöbəsinin əmri ilə təhsil adığı və yüksək qiymətlərlə başa vurduğu doğma Yağlıvənd tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi göndərilmişdir. 1978-ci ildən 1984-cü ilin sonuna qədər həmin məktəbdə dil-ədəbiyyat müəllimi kimi çalışan P.Əliyev məktəbin həm şagird, həm pedaqoji kollektivinin dərin hörmətini qazanmışdır. O, gənc müəllim kimi yeni təlim metodları ilə işləmiş və təlimin tərbiyəedici imkanlarından məharətlə istifadə etmiş, şagird şəxsiyyətinin formalaşdırılmasında təlimin ümumdidaktik üsullarından, ümumpedaqoji prinsiplərindən, həmin dövr üçün səciyyəvi sayılan audial, vizual, audovizual texnologiyalardan istifadə etməklə fəal dərsin səmərəliliyinin yüksəldilməsində nailiyyətlər əldə etmişdir. Həmin nailiyyətlərə görə həm yerli Təhsil Şöbəsi, həm də Maarif Nazirliyi tərəfindən dəfələrlə təltif edilmişdir. Hətta 1983-cü ildə Azərbaycan SSR Maarif Nazirliyinin əmri ilə baş müəllim təyin edilmişdir. P.Əliyevin təhsil sahəsindəki nailiyyətləri, təlim-tərbiyə ilə bağlı yenilikləri, habelə bir novator müəllim kimi örnək fəaliyyət istiqamətləri onun rayon və kənd məktəbi arenasına sığmadığını, daha böyük arenalarda fəaliyyət göstərməyini sanki ona diktə edirdi. Belə bir məqamda P.Əliyev aspirantura (doktorantura) təhsili almaq üçün çalışmağa başladı. Ölkəmizin ali məktəblərindəki, tədqiqat institutlarındakı aspirantura şöbələri ilə maraqlandı, onların hər birinin fəaliyyət istiqamətlərini nəzərdən keçirdi. Nəhayət, Azərbaycan Respublikası Maarif Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan  Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil Nazirliyinin Təhsil  İnstitutu nəzərdə tutulur) aspiranturasına sənədlərini təqdim etdi. Qəbul imtahanlarının hamısından əla qiymətlər alaraq aspiranturanın əyani şöbəsinə qəbul olunur. Aspirantura illərində apardığı tədqiqatların nəticələrinə uyğun dəyərli elmi məqalələr çap etdirir. Tədqiqat prosesində əldə etdiyi elmi yeniliklərlə bağlı nəzəri müddəaların praktikada tətbiqinə nail olmaq üçün Bakı şəhərinin bir sıra ümumtəhsil məktəblərində eksperimentlər aparır. Apardığı eksperimentlərin nəticələri də ona uğur qazandırır. Belə ki, Bakı şəhəri Suraxanı rayonunun 282, həmin rayonun 290 saylı tam orta məktəblərində, eləcə də ERA tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Apardığı eksperimental işin nəticələrini praktikada tətbiq edən P.Əliyev fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün hazırladığı dissertasiya əsərində də bu nəticələrdən istifadə edir. Beləliklə, 1988-ci il  yanvarın  2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (o zamanlar V.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu adlanırdı) nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış müdafiə şurasında “Ədəbiyyatın tədrisi prosesində şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi” (Azərbaycan ümumtəhsil məktəblərinin VIII-X sinif materialları əsasında) mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsini qazanan P.Əliyev daha ciddi tədqiqatlar aparmağa səy göstərir. Beləliklə, 2010-cu ildə “Azərbaycan ümumtəhsil məktəblərində klassik şeir nümunələrinin tədrisinin nəzəri və praktik problemləri” mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə edir. Pedaqoji elmlər doktoru elmi dərəcəsinə, professor elmi adına yiyələnən P.Əliyev daha böyük uğurlar qazanmaq üçün daha ciddi çalışmağa başlayır.

 

Bu gün pedaqoji elmlər sistemində korreksiya pedaqogikasının geniş yer alması, o cümlədən surdo, tiflo, oliqofren, autik, dizartriyalı uşaqların təhsili, təlimi, tərbiyəsi ilə bağlı ciddi tədqiqatların aparılmasına zəruri ehtiyac duyulur. Bütün bunlar pedaqoji elmlər sistemi sahəsində tədqiqat aparanların qarşısında bir sıra çətinliklər törədir. Piralı Əliyev kimi alimlərin belə çətinliklərə sinə gərmələri, pedaqoji elmlər sisteminə dair mükəmməl biliklər əldə etmələri, aldıqları bilikləri praktikada tətbiq etməyi bacarmaları, pedaqoji elmlərə dair apardıqları tədqiqatların aprobasiyasına nail olmaları sevindirici, qururduyucu hallar kimi dəyərləndirilməlidir. Piralı Əliyevin çoxşaxəli tədqiqatlarının pedaqoji elmlər sistemini geniş şəkildə əhatə etməsi ona daha böyük uğurlar qazandırmışdır. Əlbəttə ki, bu uğurlarının hamısını bir yubiley yazısına  sığışdırmaq imkan daxilində olmadığını nəzərə alaraq onlardan bəziləri haqqında məlumat vermək istərdik.

 

Şəxsiyyətyönümlü təhsilin məzmununun yaradılması üzrə həyata keçirilən işlərlə bağlı qazanılan müvəffəqiyyətlər P.Əliyevin ən möhtəşəm, ürəkaçan və sevinc gətirən uğurlarından sayılır. Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının demək olar ki, bütün istiqamətləri üzrə tədqiqatlar aparan professor P.Əliyevin hazırladığı tədris proqramları, dərs vəsaitləri, monoqrafiyalar, müxtəlif tipli ədəbiyyat nümunələri bu sahədə çalışanların stolüstü metodik vəsaitləri hesab olunur. Bu sahədə gördüyü işlərin hamısı demək olar ki, ona uğur qazandırmışdır. Bu sırada “Ümumtəhsil məktəblərində V-XI siniflər üçün ədəbiyyat proqramı”; “Ədəbiyyatdan Azərbaycan Respublikası məktəblilərinin təhsil standartları”; “Ümumtəhsil məktəblərində poetikanın tədrisinin nəzəri və praktik problemləri”; “Ədəbiyyatdan sxemlər və cədvəllər (Ədəbiyyat nəzəriyyəsi materialları üzrə)”; “Ümumtəhsil məktəblərində Azərbaycan klassik ədəbiyyatının tədrisi (şeir nümunələri əsasında)”; “V-XI siniflərin ədəbiyyat fənnindən qiymətləndirmə standartları və vəsaitlərinin hazırlanması”; “Dədə Qorqud” dastanından “Bayburanın oğlu Bamsı Beyrək boyu” və “Basatın Təpəgözü öldürməsi boy”u (məktəblilər üçün sadələşdirilmiş variantı)”; “Uşaq ədəbiyyatının tədrisi problemləri”; “Ədəbiyyatın tədrisi metodikası” proqramı (Ali məktəblərin bakalavr təhsili alanlar üçün”); “Ədəbiyyatın tədrisi metodikası” proqramı (Fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanı üçün”); “Ədəbiyyatın tədrisi metodikası” proqramı (Fəlsəfə doktoru proqramı üzrə minimum imtahanı üçün”); “Ümumi təhsilin dövlət standartları” (ədəbiyyat fənni üçün); “Məktəbdənkənar təhsilin işçi qrupunun tərkibində bu sahədə işlərin yenidən qurulması üçün təkliflər”; “Mütaliə mədəniyyətinin formalaşdırılması yolları” ilə bağlı aparılan  tədqiqatlar əsasında əldə edilən yeni elmi ideyalar, nəzəri müddəalar və onların praktikaya tətbiqi və bu kimi digər problemlərin həlli sahəsində qazanılan uğurlar Azərbaycan təhsilinin inkişafına və eləcə də Azərbaycanda şəxsiyyətyönümlü təhsilin yeni məzmununun yaradılması işinə öz töhfəsini verəcəkdir.

 

Eyni sözləri alimin təhsilin idarə olunması ilə bağlı apardığı tədqiqatların nəticələrinə də aid etmək olar. Bu kontekstdə onun  təhsilin idarə olunması və iqtisadiyyatı; təhsilin idarə olunması və tənzimlənməsinə dair normativ hüquqi sənədlər; təhsil sisteminin idarə edilməsinin nəzəri-metodoloji əsasları; idarəetmə və çevik qərar qəbuletmə; təhsil müəssisəsində idarəetmə prosesi; pedaqoji idarəetmədə nəticəyönümlü meyarlar; pedaqoji idarəetmədə təlim nəticələri; təhsil prosesinin reytinq sisteminin idarə olunması; təhsil müəssisəsində metodik xidmətin idarə edilməsi; təhsilin dəyərləryönümlü idarəedilməsi; təhsilin iqtisadiyyatı və maliyyələşdirilməsi; pedaqoji idarəetmədə davamlı inkişaf; rassional idarəetmə prinsiplərinə  keçmə; dövlət proqramlarının icrası və s. istiqamətlərdə gördüyü işləri də xüsusi qeyd etmək olar. Xüsusilə Dövlət proqramlarının icrası ilə bağlı onun gördüyü işlər sırasında “2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsindən ötrü Tədbirlər Planının icrası üzrə 2020-ci il ərzində Təhsil Nazirliyinin tapşırığı ilə xüsusi dərs vəsaitinin hazırlanmasını alimin ən böyük uğurlarından biri kimi qeydə almaq lazım gəlir. Onun 2020-ci ildə çap olunaraq istifadəyə verilən “Təhsilalanların narkotik vasitələrdən və psixotrop maddələrdən qorunmasının tibbi-pedaqoji profilaktikası” adlı dərs vəsaiti  bu sahədə mövcud problemlərin həllinə köməklik göstərilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Elmi-nəzəri hazırlığa, örnək praktik fəaliyyət istiqamətlərinə görə fərqlənən bu görkəmli alimin ortalığa qoyduğu belə nadir dərs vəsaiti ona görə mühüm aktuallıq kəsb edir ki, bu dərs vəsaitindən mütəmadi olaraq, demək olar ki, hər gün mütəxəssislərlə yanaşı, pedaqoji kollektivlərin bütün üzvləri, tibb, inzibati orqan işçiləri və valideynlər də istifadə edirlər.

 

Təhsillə bağlı beynəlxalq arenada qazanılan uğurlar. Professor P.Əliyevin xarici ölkələrdə apardığı müşahidələri, görüşləri, tədqiqatları onun  bir sıra əsərlərində öz ifadəsini tapır. Belə ki, Fransada təhsil sistemini öyrənən alim onu Azərbaycan təhsili ilə müqayisə edərək pedaqoji ictimaiyyətə çatdırmasını təmin etmişdir. Bu da onun uğurlarından biri kimi qiymətləndirilməlidir. Yaxud, Türkiyə Cümhuriyyətində  dil və ədəbiyyatın tədrisi problemlərinə və təhsilin idarə edilməsinə həsr olunmuş 7 simpoziumda iştirak etməsini və bir necəsində bölüm rəhbəri, Ukraynada, Qazaxıstanda, Rusiyada təhsilin, təlimin, tərbiyənin təşkili, planlaşdırılması və idarəolunması ilə bağlı  apardığı müşahidələrini müqayisəli şəkildə pedaqoji ictimaiyyətə çatdırmasını da alimin uğurları kimi dəyərləndirmək olar.

 

Alimin günümüzün aktuallığını özündə təcəssüm etdirən ən müasir problemlərin həllində yaxından iştirak etdiyinə, fərqləndiyinə görə sertifikatlar qazanması ilə bağlı uğurlarından da danışmaq yerinə düşərdi. Məhz bu baxımdan ölkəmizdə və bir sıra xarici ölkələrdə təhsilin inkişafı ilə bağlı təşkil olunan beynəlxalq tədbirlərdə fəal iştirakına görə sertifikatlar qazanıb.

 

YAP-da elmi-tədqiqata rəhbərlik və qazanılan uğurlar. Piralı Əliyevin ictimai işlərdə iştirak etməsini də xüsusi qeyd etmək lazımdır. Bu xüsusda onun Yeni Azərbaycan Partiyası Səbail rayonu üzrə “Təhsil tədqiqatçıları üzrə ərazi ilk təşkilatı işlərin sədri” kimi fəaliyyət göstərməsini, YAP-ın sıralarına gənclərin cəlb edilməsi ilə bağlı gördüyü işlər, Prezident, Milli Məclis, Bələdiyyə seçkilərində YAP-ın üzvü kimi çıxış etməsini təqdirəlayiq hal kimi qeyd etməliyik. Ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar “Heydər Əliyev uşaqların gözü ilə” inşa müsabiqəsinin 9 il Təşkilat Komitəsinin üzvü olması və bu dövrdə Təhsil Nazirliyinin nəşr etdirdiyi kitablarda öz əksini tapmış inşaların  qiymətləndirilməsində və onların yaradıcılıq nümunələrinin redaktə olunmasında iştirak etməsini yaxşı hal kimi qiymətləndirmək lazımdır.

 

Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu sayəsində torpaqlarımızın işğaldan azad olması və alimin arzularının çin olması. Təxminən, 170 elmi əsərin, o cümlədən pedaqoji fikir tariximizi zənginləşdirən dəyərli monoqrafiyaların, pedaqoji işçilərin stolüstü kitabı kimi mütəmadi istifadə olunan metodik vəsaitlərin, xarici ölkələrdə dərc olunan sanballı məqalələrin müəllifi olan 65 yaşlı alimin çin olan arzularından da söhbət açmaq maraqlı olardı.

 

Şübhəsiz, 44 günlük İkinci Qarabağ müharibəsində hamımızın gözü Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğunda idi. O, rayonlarımızın düşməndən azad olunmasını elan edən an hamı kimi mən də yaşımın bu çağında uşaq kimi yerimdən hoppanıb qışqırır, evdəkiləri qucaqlayıb təbrik edir və həmin gün təbriklər göndərir və təbrikləri qəbul edirdik. Ali Baş Komandanımız Füzuli rayonunun düşməndən azad olunmasını elan edəndə nədənsə sevinc göz yaşlarımı axıda-axıda Füzulidən olan dostlarımı, tanışlarımı təbrik etmək üçün əl telefonumu əlimə götürdüm və ilk zəng vuraraq təbrik etdiyim isə 37 illik dostum, həmkarım, professor Piralı Əliyev oldu. Mən sevinc göz yaşlarımı axıda-axıda təbriklərimi söylədim. Onun təşəkküründən sonra dediklərini, inanın ki, qələmə almaqda çətinlik çəkirəm. Çünki hər kəlməsində Vətən məhəbbəti, torpaq həsrəti, düşmənə nifrət, ailə faciəsi, çəkdiyi məşəqqətlər və bu kimi digər nisgilli düşüncələr yer alırdı. Birdən o, aramla danışmağa başladı. Artıq onun səsində sevinc hissini, qələbə əzmini duydum. Dedi ki, mənim bütün arzularım çin oldu. Arzu etmişdim ki, 27 il işğal altında olan Füzulimiz, doğma Yağlıvəndimiz azad olsun və mən ömrümün qalan hissəsini Füzulimizin paran-parça olan təhsilinin bərpa olunmasına həsr edəcəyəm. Arzum çin olmuşdur. Müzəffər Ali Baş Komandanımızın polad iradəsi, dəmir yumruğu ilə təmkinlə idarə olunan Milli Ordumuz bizi arzumuza çatdırmışdır. İndi mən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Qarabağın, eləcə də doğma Füzulimizin təhsil quruculuğunda iştirak etməyə icazə verəcəyi sərəncamlarını, tövsiyə və məsləhətlərini gözləyirəm.

 

Biz elmdə və təhsildə böyük nailiyyətlər qazanan professor Piralı Əliyevin 65 illik yubileyi münasibətilə təbrik edir, çin olmuş arzularının çiçəklənməsi uğrunda görəcəyi işlərdə ona daha böyük uğurlar diləyirik.

 

Fərahim SADIQOV,

Bakı Elm-Təhsil Mərkəzinin prezidenti, pedaqogika elmləri doktoru, professor, Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü, Akademik Yusif Məmmədəliyev, Akademik Mehdi Mehdizadə mükafatları laureatı

 



16.07.2021 | 16:37