UNEC-də korporativ təhsil üzrə sertifikat proqramı başa çatıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ilk dəfə olaraq keçirilən korporativ təhsil “Rəqəmsal marketinq” sertifikat proqramı yekunlaşıb. Proqramı bitirən məzunlara sertifikatların təqdimolunma mərasimi keçirilib.

 

UNEC rektoru, professor Ədalət Muradov mütəxəssis hazırlığı ilə bağlı bir sıra məqamlara toxunub, indiki dövrdə əmək bazarı və onun tələblərinin sürətlə dəyişdiyini, diplomun rolunun azalaraq, əmək bazarında daha çox vərdiş və bacarıqlara önəm verildiyini, ömürboyu təhsil, tamamilə yeni və innovativ sahələr üzrə sertifikat proqramlarının zərurətə çevrildiyini deyib. Bu məqsədlə UNEC-də müasir əmək bazarının tələbləri nəzərə alınmaqla və “UNEC 100” İnkişaf Strategiyasına uyğun olaraq korporativ təhsilə başlandığını, Ömür boyu təhsil fakültəsinin yaradıldığını  diqqətə çatdırıb. UNEC-də keçirilən “Rəqəmsal marketinq” sertifikat proqramında əldə edilən bilik və bacarıqların gənclərin karyerası üçün faydalı olacağından əminliyini söyləyən rektor onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Sonra UNEC Karyera Mərkəzinin direktoru, rəqəmsal marketinq üzrə Facebook və Google tərəfindən rəsmi akkreditasiya olmuş mütəxəssis Ramil Cabbarov korporativ təhsilin yekunu barədə məlumat verib. Bildirib ki, UNEC-in Rəqəmsal Marketinq mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimlər Beynəlxalq Rəqəmsal Marketinq İnstitutunun tədris proqramına və real iş mühitindəki ehtiyaclara uyğun olaraq Google, Facebook, Instagram, Twitter, Linkedin reklamları, Google Analytics, SEO əsasları, Google My Business, Google Tag Manager, Google Search Console, reklamlarda hədəfləmə, Remarketinq, performasın ölçülməsi, optimizasiya, hesabatların hazırlanması və rəqəmsal marketinq mütəxəssislərinin istifadə etdiyi ölçü alətləri üzrə mövzuları əhatə edib. R.Cabbarov proqrama uyğun olaraq, növbəti 2 ay müddətində iştirakçılara konsultasiya xidmətinin göstəriləcəyini də vurğulayıb.

 

UNEC-də korporativ təhsil üzrə sertifikat proqramlarının keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirən iştirakçılar təkliflərlə çıxış ediblər.

 

Sonda korporativ təhsili uğurla bitirən məzunlara sertifikatlar təqdim olunub.

 



18.07.2021 | 10:16