BSU məzunlarına təşəkkürnamələr təqdim edilib

Bakı Slavyan Universiteti (BSU) Elmi Şurasının qərarı ilə bu ali təhsil müəssisəsinin 2020-2021-ci tədris ili üzrə ən yüksək öyrənmə nəticələri göstərmiş tələbələrinin karyera inkişafının dəstəklənməsi məqsədilə onların müxtəlif özünüinkişaf proqramlarında iştirakı universitet tərəfindən qarşılanacaq. Qərara əsasən, BSU-nun hər fakültəsi üzrə 2020-2021-ci tədris ilini ən yüksək müvəffəqiyyət göstəriciləri ilə başa vurmuş ümumilikdə səkkiz tələbəsi bir il ərzində iş həyatı, eləcə də ali təhsilin növbəti səviyyəsi üzrə ehtiyac duyduqları bilik və bacarıqların artırılması məqsədilə yerli və beynəlxalq təlim və inkişaf proqramlarında iştirak edə biləcək.

 

BSU-dan bildirilib ki, bu münasibətlə təşkil edilmiş təqdimatda universitetin rektoru vəzifəsini icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev tələbələrə “Yüksək öyrənmə nəticələrinə” görə təşəkkürnamələri təqdim edib.

 

A.Nağıyev qeyd edilən layihənin məqsədinin məzunların əmək bazarının dinamik dəyişən tələbləri fonunda məzunların çevikliyinin dəstəklənməsi məqsədi daşıdığını bildirib. Vurğulanıb ki, müasir bilik cəmiyyəti dövründə ali təhsil müəssisələri fəaliyyətini daha çevik qurmaqla, təhsilalanların iş yerində səriştələrinin artırılması və ömürboyu öyrənmə imkanlarını təmin etməlidir.

 

A. Nağıyev məzunların ali təhsil müəssisəsinin inkişafındakı vacib rolunu qeyd edərək, gələcəkdə bu istiqamətdə davamlı fəaliyyətin planlaşdırıldığını vurğulayıb və bütün məzunları BSU-da təlim və tədris prosesinin təşkilində daha yaxından iştirak etməyə dəvət edib.

 

Gələcək planlarından danışan məzunlar bu imkanın onların peşəkar inkişafı üçün əlavə stimul yaratdığını vurğulayıblar.

 

Qeyd edək ki, “Yüksək öyrənmə nəticələrinə” görə təşəkkürnamə ilə 2020-2021-ci tədris ili üzrə BSU-nun tələbələri Suğra Babayeva, Sevda İbrahimova, Nəriman Namazov, Əfşan Ayaz, Ramal Nuruyev, Aydan Məmmədova, Günel Hüseynova və Sənan Bəhramzadə təltif ediliblər.

 



18.07.2021 | 15:25