“Muzey günləri” çərçivəsində növbəti ekskursiya

“Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Naxçıvan Duz Muzeyində olub. Ziyarətçilərə məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən yaradılıb. Sərəncamda qeyd olunur ki, Naxçıvanın Nuh peyğəmbərlə bağlılığı hələ qədim dövrlərdən diqqəti cəlb edib. Yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırladıb, XVI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas Əl-Şərifinin qeydlərində də Nuh peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə məlumatlar  öz əksini tapıb.

 

Bildirilib ki, Naxçıvan Duzdağının tarixi əhəmiyyəti nəzərə alınaraq bu ərazidə arxeoloji tədqiqatlar aparılıb, müxtəlif dövrlərə aid daş alətlərlə yanaşı, Eneolit və İlk Tunc dövrlərinə aid keramika məmulatları aşkar olunub.  Həmin ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsası qoyulub. Bu isə 5 min illik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərib. Aparılan tədqiqatların davamı olaraq “Uluslararası qaynaqlarda Naxçıvan”, “Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzularında keçirilən beynəlxalq elmi simpozium və konfranslarda Naxçıvanda Duzdağ mədəniyyəti bir daha elmi əsaslarla təsdiqini tapıb, xarici mütəxəssislərin də iştirakı ilə Naxçıvan Duzdağı haqqında elmi materiallar hazırlanıb, kitablar nəşr olunub.

 

Diqqətə çatdırılıb ki, belə bir muzeyin yaradılması Naxçıvanı nəinki Cənubi Qafqazda, ümumilikdə, postsovet məkanında nadir ünvanlardan birinə çevrilməsində əhəmiyyətli rol oynayır. Naxçıvan Duz Muzeyinin yaradılması həm də Naxçıvanın təbliği baxımından önəmlidir.

 

 

 



02.07.2018 | 18:16