İnformasiya texnologiyaları mühəndisliyinin perspektivlərinə həsr olunan vebinar

Bakı Mühəndislik Universiteti (BMU) və “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun birgə təşkilatçılığı ilə ölkədə mühəndislik ixtisaslarının təbliği məqsədilə növbəti vebinar keçirilib.

 

Vebinar “İnformasiya texnologiyaları mühəndisliyinin perspektivləri: şirkətlərdə rəqəmsal transformasiya” mövzusuna həsr edilib.

 

Vebinarın keçirilməsində əsas məqsəd İnformasiya texnologiyaları ixtisasının gələcək perspektivlərinin müzakirəsi, Azərbaycanda sözügedən ixtisasın inkişafı, habelə bu ixtisas üzrə beynəlxalq ikili diplom proqramına qəbul barədə ətraflı məlumatın verilməsidir.

 

Tədbirin  moderatoru Dövlət Proqramı İdarəetmə Qrupunun ikili diplom proqramları üzrə mütəxəssisi Tərlan Abbasova “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqqında danışıb. Dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə Azərbaycan ali təhsil müəssisələri arasında ölkə iqtisadiyyatı üçün prioritet sahələr üzrə beynəlxalq ikili diplom proqramlarının təsis olunduğunu qeyd edən moderator ali təhsilin bakalavriat səviyyəsində BMU və Cənubi Koreyanın İnha Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı haqqında məlumat verib.

 

Vebinarda spiker qismində 15 il informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində təcrübəyə sahib olan, “Sourced Agile” şirkətinin təsisçisi və icraçı direktoru Anar Rüstəmov çıxış edib. O, Almaniyada, Amerikada və dünyanın digər inkişaf etmiş ölkələrində şirkətlərin rəqəmsallaşdığını diqqətə çatdırıb. Bildirib ki, rəqəmsallaşmanın birinci addımı biznes proseslərinin avtomatlaşmasından başlanır.

 

BMU-İnha ikili diplom proqramı üzrə baş mütəxəssis Sevinc İsgəndərova Cənubi Koreyanın İnha Universiteti ilə BMU arasında 2020-ci ildə ikili diplom proqramları ilə bağlı müqavilə imzalandığını, ötən tədris ilindən icrasına start verilən proqram çərçivəsində artıq 72 nəfər tələbənin təhsil aldığını və I kursu başa vurduqlarını diqqətə çatdırıb.

 

Proqramın üstünlüklərini vurğulayan S.İsgəndərova qeyd edib ki, tələbələr ölkə sərhədlərindən kənara çıxmadan beynəlxalq təcrübədən yararlana biləcək. Müasir innovativ təlim və tədris texnologiyalarından yararlanaraq mühəndislik sahəsində Azərbaycanda XXI əsrin tələblərinə cavab verən yeni nəsil mütəxəssislərin yetişdirilməsində bu proqramın vacib rol oynadığını sözlərinə əlavə edən S.İsgəndərova bildirib ki, proqramın digər üstün cəhətlərindən biri tələbələrin II kursun sonunda Koreyaya yay məktəbinə göndərilməsidir. Tələbələrlə yanaşı, universitetin professor-müəllim heyətinin proqram müddətində hər ixtisas üzrə Cənubi Koreyaya göndərilməsi və İnha Universitetində onlara təlim keçirilməsi nəzərdə tutulur.

 

Proqramın 3+1 modeli əsasında qurulduğunu bildirən S.İsgəndərova qəbulun 4 ixtisas üzrə həyata keçirildiyini və bu ixtisaslar üzrə keçid ballarının müəyyənləşdiyini söyləyib. Proqram bakalavr səviyyəsində 4 ixtisas - İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi, Elektronika mühəndisliyi üzrə aparılır və ümumilikdə 100 abituriyentin qəbulu planlaşdırılıb. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balı toplayan abituriyentlər bu proqrama müraciət edə bilərlər.

 



23.07.2021 | 16:22