Azərbaycan təmsilçiləri beynəlxalq bacarıq yarışında mübarizəyə başlayır

Ölkə təmsilçiləri Worldskills Asia-2021 bacarıq yarışlarında “Veb dizayn və proqramlaşdırma” və “Kiber təhlükəsizlik” istiqamətləri üzrə mübarizəyə başlayırlar.


Təmsilçimiz Kamil Səlimli veb proqramlaşdırma, Hüseyn Qəmbərov isə kiber təhlükəsizlik istiqaməti üzrə Azərbaycanı təmsil etmək hüququ əldə edib. Beynəlxalq yarış 5 iyul-15 avqust tarixlərində WorldSkills Asia tərəfindən 13 bacarıq istiqaməti üzrə onlayn formatda təşkil edilməkdədir. 26 müxtəlif ölkə təmsilçisinin mübarizə aparacağı bacarıq yarışlarında Azərbaycan ilk dəfədir ki iştirak edir. 


Sözügedən yarış gələcəkdə təşkil olunacaq digər bacarıq olimpiadalarında iştirak üçün əhəmiyyətli təcrübə hesab edilir. Worldskills Asia 2021 həmçinin namizədlərin bu tipli yarışlara hazırlıq səviyyəsinin yoxlanılması baxımından da mühüm rol oynayır.


Qeyd edək ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən WorldSkills hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan WorldSkills hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

 

 



28.07.2021 | 13:14