Rektor: “Sizin təhsil alacağınız ixtisaslar Azərbaycanda bir ilk olacaq və gələcəkdə bu sahədə yeni imkanlar açacaq”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı təhsini Strasburq Universitetində davam etdirəcək Azərbaycan-Fransız Universitetinin (UFAZ)  magistratura pilləsinin tələbələri ilə görüşüb.

 

ADNSU nəzdində fəaliyyət göstərən UFAZ-ın Fiziki Kimya və Kimya Mühəndisliyi üzrə magistratura pilləsinin 5 tələbəsi: Fərəh Əsgərxanova, Hafiz Qəhrəmanov, Aytac Adilova, İsmayıl Əlizadə və Aynur Nağızadə magistraturanın 2-ci kursunda təhsillərini Fransanın Strasburq Universitetində davam etdirəcəklər.

 

Bu tələbələr magistraturanın 1-ci kursunda yüksək nəticələr əldə ediblər və Strasburq Universitetindəki proqram rəhbərləri tərəfindən seçiliblər.

 

F.Əsgərxanova və H.Qəhrəmanov Kimioinformatika üzrə, A.Adilova, İ.Əlizadə və A.Nağızadə isə Fiziki və Analitik Kimya ixtisasları üzrə təhsillərini davam etdirəcəklər.

 

Magistrlərlə görüşdə dəyişən və inkişaf edən dünyada hidrogen enerjisi və alternativ enerjiyə artan marağı vurğulayan professor M.Babanlı bütün bunların əsasında kimya elminin mühüm rol oynadığını bildirib: “Sizin təhsil alacağınız ixtisaslar Azərbaycanda bir ilk olacaq və gələcəkdə bu sahədə yeni imkanlar açacaq”.

 

Sonra Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov UFAZ və tələbələr adından rektora göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

 

Sonda rektor tələbələri maraqlandıran sualları cavablandırıb, yarana biləcək texniki və təhsillə bağlı məsələlərin həllində ADNSU-nun onlara kömək edəcəyini söyləyib.

 



30.07.2021 | 17:25