Cənub-şərq rayonlarında ibtidai bitkilərin monitorinqi aparılıb

Azərbaycan Milli Elmlər Akademiyası  Botanika İnstitutunun Algologiya və lixenobriologiya laboratoriyasının əməkdaşları Xəzər dənizinin və Azərbaycanın cənub-şərq rayonlarının alqoflorasının öyrənilməsi, meşə  ekosistemlərinin lixenobrioloji qiymətləndirilməsi üzrə Astara rayonunda geniş monitorinqlər aparıblar.

 

Monitorinqin əsas məqsədi regionda antropogen təsirə məruz qalan çaylarda, göllərdə yosunların  vəziyyəti və kontinental sututaralarında yayılması, regional alqofloraların ayrı-ayrı sistematik qruplarının müasir metodlarla öyrənilməsi və bioekoloji xüsusiyyətlərinin  müəyyən edilməsi, həmçinin bitki müxtəlifliyinin vəziyyətinin qiymətləndirilməsi olub.

 

Astara rayonunda təşkil edilmiş ekspedisiya zamanı 10 marşrut (Astara–Deqədi,  Astara – Vənəşikəş, Astara – Ujakənar, Astara – Pəlikeş, Astara –  Şuvi, Astara –  Təngərüd, Astara – Maşxan  və s.  kəndlər  ətrafında) üzrə alqoloji, lixenoloji və brioloji nümunələr  toplanılıb. Nəticədə 72 nüsxə lixenoloji herbari nümunələri götürülüb. Herbari nümunələriı müxtəlif tipli: vələs-palıdlı, palıd-vələsli və qarışıq meşələrdə (vələs, palıd, yemşan, göyrüş, zoğal, alma, fındıq, böyürtkən) ağac və kollarında  müşahidə edilib. 78 nüsxə brioloji herbari nümunələri toplanılıb. Bioekoloji cəhətdən epifit, epilit, epigey qruplara aid növlər müşahidə edilib. Həmçinin, 35 yosun nümunələri ümumi qəbul edilmiş metodika ilə yığılmış və identifikasiya olunmaq üçün laboratoriyaya gətirilib. Bu növlər çox müxtəlif təqdim olunduğuna baxmayaraq, fitoplanktonda onların əksər hallarda sporadik şəkildə tək-tək saplı individumlar kimi rast gəlindiyi göstərilib.

 

Əldə olunan nəticələr Azərbaycanın dəniz, su, quru ekosistemlərində yayılma yollarının müəyyən edılməsində, alqoloji və lixenobrioloji növlərin inventarlaşmasında və herbari fondunun zənginləşdirilməsində mühum rol oynayır.

 

 

 



31.07.2021 | 13:37