“Qarabağ müharibəsi qəhrəmanları” fondu ilə tanışlıq ziyarəti

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) bu yaxınlarda istifadəyə verilən “Qarabağ müharibəsi qəhrəmanları” fondunu şəhid ailələrinin üzvləri ziyarət ediblər.

 

Tanışlıq ziyarətində  İkinci Qarabağ müharibəsinin şəhidləri-  Fuad Məmmədov, Adil Əfəndiyev, Sahib Məmmədov, Məmmədhəsən Sadıqlı, Tural Məmmədov, Daşqın Rzalı və  Taleh Zamanovun yaxınları iştirak ediblər.

 

Şəhid ailələri fondda Azərbaycan xalqının böyük oğlu, Ulu öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri, 50-ə yaxın müharibə iştirakçılarının fotoşəkillərindən ibarət “Qarabağ Azərbaycandır!”, Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları”, Birinci və İkinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri zamanı şəhid olanların xatirəsini əbədiləşdirmək üçün yaradılan guşələrlə tanış olub, 600-dən artıq  şəhid, qazi və müharibə iştirakçılarının həyatı,  fəaliyyət yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, onların şəxsi kitablarından ibarət kolleksiyaya baxıblar.

 

Şəhid ailələrinin üzvləri şəhidlərin həyatı və keçdiyi döyüş yolu barədə xatirələrini bölüşüb, onların şəxsi kitablarını MEK-ə hədiyyə ediblər. Cəmiyyət arasında vətənpərvərlik hisslərinin aşılanması və Vətənimizin bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın ictimaiyyətə daha yaxından tanıdılması baxımından fondun çox əhəmiyyətli olduğunu vurğulayaraq, MEK-in bu təşəbbüsünü yüksək qiymətləndiriblər.

 

 



03.08.2021 | 12:10