Texniki Sertifikat Proqramının təqdimatı

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşən Özəl Sektorun İnkişafı Layihəsi (PSA) “Ferrero” şirkəti və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nümayəndələri ilə birlikdə Fındıq İstehsalında Texniki Sertifikat Proqramının (TSP) onlayn formatda təqdimatı keçirilib.

 

PSA Layihəsinin nümayəndəsi Yaşar Fərəcov Texniki Sertifikat Proqramının məqsədinin fındıq istehsalı və təlimi sahəsində dünya lideri olan “Ferrero” şirkəti, PSA Layihəsi və Aqrar Universitetin professor-müəllim heyətinin birlikdə həyata keçirəcəyi təlim sessiyaları vasitəsilə fındıq sektorunda çalışacaq gənclərin potensialının artırılmasının olduğunu bildirib.
 

ADAU-nun rektoru, professor İbrahim Cəfərov qeyd edib ki, ölkənin ərzaq təhlükəsizliyinin qorunub saxlanması hər kəsin borcudur və bu cür tədbirlərin keçirilməsi olduqca mühümdür. İ. Cəfərov bildirib ki, Aqrar Universitet uzun illərdir bu təcrübədən “GLİMMER” proqramı və başqa layihələr vasitəsilə istifadə edib.

 

Sonra xarici və yerli şirkətlərin nümayəndələri, mütəxəssislər təqdimatla çıxış edərək, Texniki Sertifikat Proqramının fındıqçılıq sektorunda peşəkar mütəxəssis sayını artırmaqla yanaşı, bu sahədə gənclərin potensial məşğulluq imkanları haqqında məlumatlılığı artırmağı da hədəflədiyini vurğulayıblar.

 

 



04.08.2021 | 14:33