Mingəçevir Dövlət Universitetini strateji hədəflərə yaxınlaşdıran modernləşmə yolu

(Əvvəli https://muallim.edu.az/news.php?id=16826)

 

Səmərəli ali təhsil mühiti modelinin formalaşdırılması

 

Yeni dövrün universitetinə çevrilməyi hədəfləyən Mingəçevir Dövlət Universitetində (MDU) idarəetmədə çeviklik, şəffaflıq və ictimai hesabatlılığı, kadr potensialı və təhsilalanların hərtərəfli inkişafını, təhsil və sənaye işbirliyini, tələbəyönümlülüyü, çoxşaxəli və məhsuldar tələbə həyatını, kommunikasiya və cəmiyyətə fəal inteqrasiyanı, təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəmini, faydalı xarici əməkdaşlığa açıqlığı, sağlam həyat və fəaliyyət şəraitini təmin edən səmərəli ali təhsil mühiti modelinin formalaşdırılması başlıca vəzifələrdən hesab olunur (şəkil 1).

 

 

Çevik idarəetmə, şəffaflıq və ictimai hesabatlılıq

 

Mövcud reallıqlar nəzərə alınmaqla, 2020/2021-ci tədris ilində universitet idarəçiliyində çevik, onlayn alətlərin və şəffaf mexanizmlərin geniş tətbiqinə mühüm diqqət göstərilmişdir. MDU-nun struktur bölmələri arasında koordinasiyanın gücləndirilməsi və onların fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində zəruri addımlar atılmışdır.

 

Hesabat dövründə tələbələrin universitet idarəçiliyinə daha aktiv qoşulmaları təmin edilmişdir. Cari tədris ilində tələbələr bərabərhüquqlu üzv statusunda MDU-nun Elmi Şurası və fakültə elmi şuralarında, eləcə də imtahan sessiyasının obyektiv, şəffaf, ədalətli və mütəşəkkil keçirilməsi məqsədilə yaradılmış İmtahan Qərargahı və Apellyasiya komissiyalarının tərkibində fəal təmsil olunmuşlar. Eyni zamanda, MDU-da  “İmtahanlara dəstək qrupu”, “Texniki dəstək qrupu” və “Qaynar xətt”in fəaliyyət göstərməsi imtahan sessiyasında operativliyin təmin edilməsinə, yarana biləcək neqativ halların dərhal aradan qaldırılmasına xidmət etmşdir.

 

Universitet idarəçiliyində şəffaflığın artırılması və ictimai hesabatlılığın təmin edilməsi məqsədilə yaradılmış, Mingəçevir şəhərinin tanınmış və nüfuzlu ziyalılarının təmsil olunduğu MDU-nun İctimai Nəzarət Şurası tədrisin və imtahan sessiyasının təşkili, tələbə və valideynlərin müraciətlərinə baxılması prosesində, universitetlə şəhər ictimaiyyəti arasında kommunikasiyanın qurulmasında fəal iştirak etmişdir. Mütəmadi olaraq toplanan Şuranın 29 dekabr 2020-ci il və 13 iyul 2021-ci il tarixlərində keçirilən iclaslarında MDU-nun rektoru müvafiq olaraq 2020/2021-ci tədris ilinin payız və yaz semestrinin yekunları haqqında geniş hesabat məruzələri etmişdir.

 

Tələbə, magistrant, əməkdaş və valideynlərin arzu və təşəbbüslərini dinləmək, onları maraqlandıran sualları operativ cavablandırmaq məqsədilə cari tədris ilinin payız və yaz imtahan sessiyaları ərzində çevik onlayn kommunikasiya vasitələrindən biri kimi universitet rektorunun iştirakı ilə hər həftə “Açıq qapı” günlərinin keçirilməsi ənənəvi xarakter almışdır.

 

Kadr potensialının və təhsilalanların hərtərəfli inkişafı

 

Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, MDU-da akademik və inzibati heyət üzvlərinin, təhsilalanların hərtərəfli inkişafının təmin edilməsi məqsədilə onların əlavə bilik və bacarıqlar qazanmasına imkan verən təlimlərin keçirilməsinə xüsusi diqqət yetirilmişdir.

 

“Peşəkarla görüş” layihəsinin davam etdirilməsi

Əsas məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarət olan “Peşəkarla görüş” layihəsi çərçivəsində cari tədris ilində onlayn formatda üç görüş təşkil edilmişdir.

 

2020-ci ilin 24 dekabr tarixində “Tarixi Zəfər” adlı ilk görüşün qonağı 44 günlük Zəfər Yürüşünün iştirakçısı, Vətən müharibəsi Qəhramanı, mayor Elnur Şirinov, 2021-ci ilin 18 fevral tarixində “Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan ali təhsil müəssisələrinin rolu” adlı ikinci görüşün qonağı Milli Məclisin deputatı Ceyhun Məmmədov, 2021-ci ilin 12 aprel tarixində “Zəfərdən quruculuğa: Qarabağın iqtisadi potensialı və perspektivlər” adlı üçüncü görüşün qonağı isə Milli Məclisinin deputatı Vüqar Bayramov olmuşdur.

 

Təhsildə innovasiya və sahibkarlıq yanaşmasının aşılanması

Bu məqsədlə, 2021-ci ilin 24 fevral tarixində “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin icraçı direktoru İsa Qasımov tərəfindən MDU-nun professor-müəllim heyəti üçün “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilmişdir.

 

Məsafədən təhsil ilə bağlı rəqəmsal bacarıqların artırılması

Cari tədris ilində MDU-nun akademik, inzibati və texniki heyəti üzvləri, tələbə və magistrantları üçün “Microsoft Teams Proqramı və onun imkanları”, “Microsoft Teams” proqramında imtahan prosesinin təşkilində çat, faylların mübadiləsi, biletlərin idarə olunması və komandadan qruplara nəzarət” mövzusunda mütəmadi keçirilmiş təlimlər məsafədən təhsillə bağlı MDU əməkdaşlarının təcrübələrinin artırılmasına xidmət etmişdir.

 

Tyutor institutunun gücləndirilməsi

MDU-da kredit sistemi ilə tədrisin təşkilinin səmərəliliyinin yüksəldilməsi, tələbə və magistrantlara fəal akademik dəstəyin təmin edilməsi məqsədilə təhsil prosesinə cəlb olunan tyutorların bu sahədə bilik, bacarıq və səriştələrinin artırılmasına xüsusi əhəmiyyət verilmişdir. Bu məqsədlə 13-18 iyul 2021-ci il tarixlərində universitetdə ilk “Tyutor xidməti” təlim proqramı reallaşdırılmışdır.

 

Rəqəmsal iqtisadiyyat sahəsində bilik və bacarıqların inkişafı

2021-ci ilin 25 iyun tarixində MDU-nun nəzdində fəaliyyət göstərən “Seed” Startap Mərkəzinin təşkilatçılığı ilə “Fintech və rəqəmsal iqtisadiyyat” mövzusunda ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin maliyyə professoru Fariz Hüseynov tərəfindən universitetin tələbə və müəllim kollektivi üzvləri üçün onlayn təlim keçirilmişdir.

 

Layihə idarəetmə bacarıqlarının ötürülməsi

2021-ci ilin 23-25 aprel tarixlərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və MDU Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Gəl layihə yazaq!” adlı üçgünlük onlayn təlim keçirilmişdir. Təlim gənclərdə layihə təklifləri hazırlamaq, problem, məqsəd və vəzifələri düzgün ifadə etmək, məqsədəuyğun hədəf qrupları seçmək və gözlənilən nəticələri konkret müəyyən etmək, tədbirlər planı, xərclər smetası hazırlamaq və müxtəlif hesabat formalarını düzgün tərtib etmək bacarıqlarının aşılanmasına hədəflənmişdir.

 

Turizm sahəsi üzrə praktiki bilik və bacarıqların genişləndirilməsi

2020-ci ilin noyabr-dekabr aylarında MDU-nun təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin, Mingəçevir Turizm Kollecinin tərəfdaşlığı ilə “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihə reallaşdırılmışdır. MDU-da “Turizm və otelçilik” ixtisası üzrə kadr hazırlığı prosesinə töhfə məqsədilə sözügedən layihə çərçivəsində onlayn formatda təşkil edilən 4 modullu təlimlər respublikamızın turizm sənayesi sahəsində fəaliyyət göstərən təcrübəli mütəxəssisləri tərəfindən keçirilmişdir.

 

Amerikalı professorun akademik fəaliyyətə dəstəyi

ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ingilis dili mütəxəssisi Richard Schlight hesabat dövründə MDU-da tədris prosesində fəal iştirak, bakalavriat səviyyəsində “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələrinə “Xarici dildə oxu və nitq” fənnini tədris etmişdir.

 

Marketinq ixtisası üzrə təhsilalanlara peşə dəyərlərinin aşılanması

2021-ci ilin 20 fevral tarixində MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsində “Marketinq” ixtisası üzrə təhsil alan tələbələrə “Gələcəyin marketoloqları” adlı təlim keçirilmişdir. Təlimdə marketinq sahəsi üzrə uğur qazanmağın yolları, gələcəyin marketoloqu üçün zəruri olan əsas dəyərlər, bu sahə üzrə tələb olunan müasir bilik və bacarıqlar barədə ətraflı məlumat verilmişdir.

 

“Universitet-peşə məktəbi-sənaye” üçtərəfli əməkdaşlıq formatı

 

Regional ekosistemin mühüm faktoruna çevrilməyi hədəfləyən MDU-da hesabat dövründə təhsil və sənaye işbirliyinin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilmişdir. 2021-ci ilin 10 iyun tarixində MDU, Mingəçevir Peşə Məktəbi və “Azmade Group” MMC şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə “universitet - peşə məktəbi - sənaye” üçtərəfli əməkdaşlıq formatının əsası qoyulmuşdur.

 

Qarşılıqlı maraq kəsb edən məsələlər üzrə ortaq layihələrin reallaşdırılmasını və üçtərəfli formatda digər birgə fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutan Memorandum universitetdə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi, nəticəyönümlü, səmərəli tədqiqatların inkişaf etdirilməsi və klasterləşmə baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Əməkdaşlıq çərçivəsində 2021-ci ilin 25 iyun tarixində işçi qaydada keçirilmiş ilk görüşdə tərəfdaş qurumların strateji hədəfləri və fəaliyyət istiqamətləri, əsas ehtiyacları, əməkdaşlıqdan başlıca gözləntiləri və digər məsələlər üzrə geniş fikir mübadiləsi aparılmış, üçtərəfli formatda birgə fəaliyyətə dair müvafiq təkliflər irəli sürülmüşdür.

 

Zəyəm Texnologiyalar Parkı (ZTP) ilə əməkdaşlıq

12 iyul 2021-ci il tarixində üçtərəfli əməkdaşlıq formatı çərçivəsində MDU və Mingəçevir Peşə Məktəbinin bir qrup akademik, inzibati və tələbə heyəti üzvü üçün Şəmkir şəhərində yerləşən və “Azmade Group” MMC-yə daxil olan ZTP-də infotur təşkil edilmişdir (şəkil 2).

 

 

Bununla yanaşı, cari ilin avqust ayı ərzində MDU-nun 5 tələbəsi və Mingəçevir Peşə Məktəbinin 2 şagirdinin ZTP-də ödənişsiz əsaslarla təcrübə proqramında iştirak edə bilməsi üçün bütün lazımi şəraitin yaradılmasına və təcrübə müddətində təhsilalanların müvafiq qaydada əməyinin ödənilməsinə dair razılıq əldə edilmişdir.

 

Çoxşaxəli tələbə həyatı və uğurlu nəticələr

 

MDU-da tələbəyönümlü məzmunun yaradılmasına, tələbə gənclərin hərtərəfli inkişafına, onların universitet idarəçiliyində fəal təmsil, çoxşaxəli könüllülük fəaliyyətinə cəlb olunmasına, Mingəçevir şəhərinin ictimai-siyasi həyatında aktiv iştirakına və tələbə təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.

 

Sevindirici haldır ki, MDU-nun tələbə və magistrantları 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə, COVID-19 pandemiyasına qarşı müvafiq sosial dəstək, təbliğat və maarifləndirmə işlərində, eləcə də əlamətdar günlərə və tarixi şəxsiyyətlərə həsr olunan tədbirlərin təşkilində, startap təlimlərinin keçirilməsində yüksək fəallıq nümayiş etdirmiş və uğurlu nəticələrə nail olmuşlar.

 

Ümummilli Liderə həsr olunan müsabiqədə birincilik

Mingəçevir Şəhər İcra Hakimiyyəti, YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir Şəhər Təhsil Şöbəsinin birgə keçirdiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Əbədiləşən şəxsiyyət” adlı onlayn müsabiqədə şeir, musiqi və inşa nominasiyaları üzrə  fəxri yerlərə MDU tələbələri layiq görülmüş və qaliblər müvafiq diplomlarla təltif edilmişlər.

 

İlin Tələbə Gənclər Təşkilatı

Nümunəvi fəaliyyətinə və xüsusi fəallığına görə 2021-ci ilin 1 fevral tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən MDU Tələbə Gənclər Təşkilatı “İlin Tələbə Gənclər Təşkilatı” adına layiq görülmüşdür.

 

“Gələcəyin müəllimi” təqaüdü

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsis edilmiş “Gələcəyin müəllimi” təqaüdünə cari tədris ilində layiq görülən tələbələr sırasında MDU-nun Pedaqoji fakültəsinə ən yüksək balla qəbul olan 4 tələbəsi də yer almışdır.

 

“İlin könüllüsü” mükafatı

MDU İqtisadiyyat və idarəetmə fakültəsinin birinci kurs tələbəsi Dağlar Babayev 5 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ Azərbaycandır!” Azərbaycan Könüllülərinin III Həmrəylik Forumunda “Pandemiya dövründə könüllülük” kateqoriyası üzrə “İlin könüllüsü” mükafatı ilə təltif olunmuşdur.

 

Həmkarlar İttifaqının adlı təqaüdü

MDU-nun 2 tələbəsi imtahan sessiyasında əldə etdiyi yüksək nəticələrə və həmkarlar ittifaqı sahəsində göstərdiyi fəallığa görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünə layiq görülmüşdür.

 

Tarixi Zəfər, yüksək vətənpərvərlik və həmrəylik ili

 

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 2020-ci il Zəfər ili kimi xalqımızın tarixinin şanlı səhifələrinə qızıl hərflərlə əbədi həkk olunmuşdur. Otuz illik həsrətə son qoyan 44 günlük Vətən müharibəsində MDU-nun tələbə, məzun və əməkdaşları da həm ön cəbhədə döyüşlərdə, həm də arxa cəbhədə sosial və mənəvi dəstək tədbirlərində, informasiya mübarizəsində fəal iştirak etmiş və yüksək həmrəylik göstərmişlər.

 

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak etmiş, 5 məzunu isə şəhidlik zirvəsinə ucalmışdır. Döyüş tapşırıqlarını şərəflə yerinə yetirmiş, mərdlik və igidlik göstərmiş qəhrəman tələbə və məzunlarımız ölkə başçısı tərəfindən medallarla təltif edilmişdir.

 

Elmi Şuranın müvafiq qərarları ilə MDU-nun hesabından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 15 min, “YAŞAT” Fonduna isə 10 min manat vəsait köçürülmüşdür.Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları və müharibədən zərər çəkənlərlə bağlı ölkəmizdə həyata keçirilən sosial dəstək tədbirlərində MDU-nun “Pedaqogika və psixologiya” kafedrasının əməkdaşı fəal iştirak edərək 25-dən artıq şəhid ailəsi üzvlərinə sosial-psixoloji xidmət göstərmişdir.

 

Vətənpərvərlik tərbiyəsinin önəminin yüksəldilməsi

 

Müasir bilik və bacarıqlar əldə etməsi ilə yanaşı, gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan MDU-da cari tədris ilində təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. MDU-da Vətən müharibəsinə və əldə edilən tarixi Zəfərə həsr olunan, qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsinə, cəsur əsgər və zabitlərimizin göstərdikləri şücaət və vətənpərvərlik nümunələrinin tələbə gənclərə ötürülməsinə xidmət edən,tariximizin faciəvi və şanlı səhifələrinin, milli mənəvi dəyərlərin və adət-ənənələrin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlər keçirilmişdir.

 

Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi (TVİM)

 

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən işlərin çevik və səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə MDU-da TVİM yaradılmışdır. Vətən müharibəsində şəhid olan MDU-nun məzunu Əzəmi Hüseynovun həyat yoldaşı Minayə Hüseynova Mərkəzin koordinatoru vəzifəsinə işə qəbul edilmişdir.

 

Fəaliyyət göstərdiyi üç ay müddətində TVİM-in təşkilatçılığı ilə müntəzəm olaraq universitetin şəhid məzunlarının ailələri ziyarət edilmiş, Şəhidlər Xiyabanında onların əziz xatirələri anılmış, qazi məzunlarla görüşlər keçirilmiş, Hərbi Qənimətlər Parkına ekskursiya təşkil edilmiş, şəhər və respublika miqyasında qəhrəmanlarımıza həsr olunmuş tədbirlərdə tələbə və əməkdaşların fəal iştirakı təmin edilmişdir.

 

Eyni zamanda, MDU-nun şəhid məzunlarının tanıdılması, onların gənclər üçün örnək olan həyat hekayələrinin, şərəfli döyüş yollarının işıqlandırılması və gələcək nəsillərə ötürülməsi məqsədilə TVİM tərəfindən “Azərbaycan müəllimi” qəzetinin “Şəhid məzunlar” rubrikasında silsilə yazılar dərc olunmuşdur.

 

COVID-19 pandemiyasına qarşı mübarizə

 

 

Cari tədris ilində universitetdə və şəhər miqyasında həyata keçirilən koronavirus pandemiyasına qarşı mübarizədə, vaksinasiya prosesində və bunlarla bağlı müxtəlif təbliğati maarifləndirmə tədbirlərində MDU-nun professor-müəllim və tələbə heyəti üzvləri fəal iştirak etmişdir. MDU-da dəfələrlə tibbi-profilaktik və dezinfeksiya işləri aparılmış, universitet əməkdaşlarının 92 faizi vaksinasiyadan keçmişdir. Ənənəvi təhsilin bərpa olunmasını səbrsizliklə gözləyən tələbə və magistrantlar da bu prosesə aktiv qoşulmuşlar.

 

(ardı var)

 

Şahin BAYRAMOV,

Mingəçevir Dövlət Universitetinin rektoru

 



06.08.2021 | 12:26