İraqlı tələbələrin UFAZ-da təhsil imkanları müzakirə olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) İraq Respublikasının Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin Xaricdə təhsil departamentinin rəhbəri Dr. Ali Kamil Sadeq al-Saffar və İraqın Azərbaycandakı səfirliyinin birinci katibi Dr. Huthaifa Mahmoud ilə görüş olub.

 

Görüşdə Təhsil Nazirliyinin Ali təhsil şöbəsinin müdiri Nicat Məmmədli,  nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Bayramov və UFAZ-ın PR və Beynəlxalq əlaqələr üzrə departamentinin müdiri Kamil Piriyev də iştirak ediblər.

 

Görüş zamanı qonaqlara UFAZ-ın Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü nəticəsində yaranmasına toxunulub və təhsil ocağı barədə qonaqlara ətraflı məlumat verilib. Qonaqlar, həmçinin UFAZ-ın tədris şəraiti və laboratoriyaları, habelə burada tədris edilən proqramlarla  da tanış olub.

 

Müzakirələr zamanı iraqlı tələbələrin gələcəkdə Azərbaycan universitetlərində, o cümlədən, UFAZ-da bakalavr və magistr pillələrində təhsil imkanları barədə fikir mübadiləsi aparılıb.

 

 



09.08.2021 | 13:26