ADPU-nun Quba filialının 30 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının 30 illiyi münasibətilə növbəti tədbir keçirilib.

 

Filialın 30 illik yubileyinə dair hazırlanmış tədbirlər planının icrası ilə əlaqədar təhsil qurumunun rəhbərliyi, müəllim və tələbə kollektivinin bir qrup üzvü Bakıda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

 

Filialın direktoru, dosent Yusif Alıyev Ümummilli Liderin  Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan, bu yolun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən danışıb.

 

Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğul və qızların uyuduğu şəhid məzarları ziyarət edilib. Ziyarətdə iştirak edən filialın Tədris şöbəsinin müdiri Mələk Bağırova,  Ədəbiyyat və dillər kafedrasının baş müəllimləri Rahib Alpanlı, Eyvaz Şeydayev, Təbiət fənləri kafedrasının baş müəllimi Elbrus Əhmədov bildiriblər ki, bugünkü ziyarətin böyük tərbiyəvi əhəmiyyəti var:”Biz tələbələrlə birlikdə müntəzəm olaraq Bakıda və ölkənin digər bölgələrində müqəddəs şəhid məzarlarını ziyarət etməli, tariximizin şanlı səhifəsinin yaradıcılarının qarşısında olan borcumuzu ən azından bu formada gənc nəslə aşılamalıyıq”.

 

Tədbirdə iştirak edən tələbələr - 44 günlük Vətən müharibəsi iştirakçıları Səfa Mərdanov, Ayaz Tahirov, filiala 2020/2021-ci tədris ilində ən yüksək balla daxil olan Hökməxanım Nuriyeva da bu ziyarətin onların həyatında yeni bir iz qoyduğunu, bunun üçün filialın rəhbərliyinə minnətdar olduqlarını  ifadə ediblər.



11.08.2021 | 11:22