BDU ilə İsveçrənin UBIS Universiteti arasında ikili diplom üzrə əməkdaşlıq

Bakı Dövlət Universiteti (BDU) və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) arasında Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

 

İmzalanma mərasimində BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynalabdin Həsənəliyev, UBIS Universitetinin baş direktorunun müavini Rafael Salazar, dekan müavini Roy Mouavad, Biznesin inkişafı üzrə direktor Kamal Dadaşov iştirak ediblər.

 

Görüşdə BDU-nun prorektoru F.İmanov UBIS Universiteti ilə birgə kadr hazırlığının, universitetlərarası ikili diplom proqramının əhəmiyyətindən bəhs edib və gələcək əməkdaşlığın faydalı olması üçün bütün zəruri addımların atılacağını bildirib.

 

UBIS Universitetinin baş direktorunun müavini Rafael Salazar imzalanma mərasiminin gələcək əməkdaşlığın inkişafına töhfə verəcəyini deyib və onu birgə əməkdaşlıq istiqamətində görülən işlərin bəhrəsi kimi qiymətləndirib.

 

İkili diplom proqramı BDU ilə UBIS universiteti arasında siyasi, idarəetmə elmlərinin fundamental, tətbiqi metodlarından istifadə edərək öz peşə fəaliyyətlərində praktik problemləri təsnif etmək və onları effektiv həll etmək bacarıqlarına malik, habelə, təhsil, elm, beynəlxalq münasibətlər sahəsi üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanması prosesinə xüsusi təkan verəcək.

 

Qeyd edək ki, İsveçrənin UBIS Universitetində biznes administrasiyası və beynəlxalq münasibətlər sahəsində yüksək səviyyədə bakalavr (BBA, BAIR), magistr (MBA, MAIR) və doktorant hazırlığı həyata keçirilir. Universitet ABŞ-ın Biznes Təhsili üzrə Beynəlxalq Akkreditasiya Şurasının (IACBE) xüsusi akkreditasıyasından keçmiş, həmçinin ABŞ-da, digər dünya ölkələrində biznes və beynəlxalq münasibətlər ixtisası proqramlarının tədrisi üzrə tam akkreditasiya almış ilk ISO 29990 sertifikatlı İsveçrə ali təhsil müəssisəsidir. Universitet 2012-ci ildən İsveçrə Keyfiyyət Sertifikatına sahibdir.

 

 



14.08.2021 | 11:21