ADNSU Dnepr Milli Texniki Universiteti ilə əməkdaşlığa başladı

Kiyevdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Dnepr Milli Texniki Universiteti (DMTU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Azərbaycanın Ukraynadakı səfirliyində keçirilən tədbirdə səfir Elmira Axundova, ADNSU-nun rektoru Mustafa Babanlı, DMTU-nun rektoru Aleksandr Azyukovskiy iştirak ediblər.

 

Səfir E.Axundova iki ölkə arasında digər sahələrdə olduğu kimi, təhsil və elm sahəsində də əlaqələrin inkişafını qeyd edib. Vurğulayıb ki, yaxın gələcəkdə qarşılıqlı səfərlər və iki ölkə ekspertlərinin birgə görüşü nəzərdə tutulub.

 

A.Azyukovskiy isə bildirib ki, rəhbərlik etdiyi universitetdə elmin inkişafı, gənclərin elmə daha çox cəlb olunması onların əsas prioritetləridir: “Azərbaycanın neft sənayesi üzrə çox dərin təcrübəsi var. Biz məmuniyyətlə bu təcrübənin bölüşülməsini istərdik. Eyni zamanda, professor-müəllim heyətinin, tələbələrimizin qarşılıqlı mübadiləsini həyata keçirməkdə maraqlıyıq”. 

 

Rektor qeyd edib ki, mübadilə təkcə tələbələri deyil, layihələri, nəşrləri, tədqiqatları da əhatə edəcək.

 

ADNSU-nun rektoru M.Babanlı rəhbərlik etdiyi universitetin öz alimlərini mühazirə oxumaq üçün Ukrayna universitetinə göndərməyə hazır olduğunu deyib: “Sizdən də bizdə ehtiyac olan sahələr üzrə alimlərinizi mühazirə üçün dəvət etmək istərdik”.

 

M.Babanlı qeyd edib ki, Azərbaycanda elm və təhsil sahəsi dinamik inkişaf edir: “Biz daha çox çalışırıq ki, innovativ təhsil proqramlarına üstünlük verək. Dövlətimizin prioritetlərindən biri odur ki, Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrildiyi kimi, beynəlxalq innovativ qovşağa da çevrilsin. Bu baxımdan istərdik ki, münasibətlərimiz tək ikitərəfli yox, həm də beynəlxalq xarakter alsın”, - deyə o, əlavə edib.

 

Sonda iki ali məktəb arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

 



16.08.2021 | 12:35