LDU-da tyutor hazırlığı kursunu bitirənlər kolleclərdə işlə təmin olunacaq

Lənkəran Dövlət Universitetinin  (LDU) nəzdində yaradılan  tyutor hazırlığı kursunun növbəti buraxılışı olub.

 

Müdavimləri təbrik edən LDU-nun rektoru, professor Natiq İbrahimov COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq,  tyutor hazırlığının  təşkilini  universitetin  tədris  həyatında əlamətdar hadisə kimi dəyərləndirib. Bildirib ki, kursu uğurla bitirən müdavimlərin əksəriyyəti  qarşıdakı  tədris ilində LDU-da və bölgədə fəaliyyət göstərən kolleclərdə işlə təmin olunacaqlar. Kursu yüksək balla başa vuran müdavimlər,  ilk növbədə yerləşdiriləcəklər.

 

Müsair təhsil prosesində tyutorların fəaliyyətini yüksək dəyərləndirən universitet rəsmisi qeyd edib ki, onlar daima dünya və ölkə təhsilində baş verən yeniliklərdən xəbərdar olmalı, zamanla ayaqlaşmalı, tələbələrlə səmərəli ünsiyyət qurmağı bacarmalıdırlar.

 

Professor N.İbrahimov hazırlıq kursunu bitirən müdavimlərə Lənkəran Dövlət Universitetinin sertifikatlarını təqdim edib.

 

Qeyd edək ki, LDU-da tyutor hazırlığı üçüncü dəfədir həyata keçirilir. Bu ilki  hazırlıq  kursunda  məşğələləri Azərbaycan Dövlət  İqtisad Universitetinin əməkdaşı Rəna Hacımuradova aparıb.

 

 



16.08.2021 | 14:38