AzTU-nun qrant layihəsi müsabiqəsinin qalibi müəyyənləşib

“SABAH Magistratura” proqramı çərçivəsində Logistika və nəqliyyat ixtisaslaşması üzrə Azərbaycan Texniki Universitetində (AzTU) ali təhsilin magistratura səviyyəsində tədrisin təşkili üçün universitetin keçirdiyi qrant layihəsi müsabiqəsinin qalibi Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) seçilib.  

 

AzTU-dan bildirilib ki, ARTİ “SABAH Magistratura” proqramı çərçivəsində AzTU-nun Logistika və nəqliyyat ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi prosesini təşkil edəcək.

 

ARTİ tərəfindən aşağıdakı istiqamətlərdə işlər həyata keçiriləcək:

 

  • ·  Tədrisin yüksək səviyyədə təmin edilməsi məqsədilə təchizat zənciri, logistika və nəqliyyat sahəsində ixtisaslaşmış yerli və xarici müəllimlərin cəlb olunması;
  • ·  Logistika və nəqliyyat ixtisaslaşması üzrə yeni məzmunun hazırlanması;
  • ·  Tədris metodiki vəsaitlərin (sillabusların, dərsliklərin, dərs vəsaitlərinin, metodiki vəsaitlərin və göstərişlərin) hazırlanması;
  • ·  Təlim komponenti - yerli müəllimlərin logistika və təchizat zənciri sahəsində  yerli və xarici təlimlərdə iştirakının təşkili;
  • ·  Tədrislə bağlı maddi-texniki bazanın formalaşdırılması - 7 ədəd fərdi kompüter (tədris üçün nəzərdə tutulmuş), 4 ədəd smart lövhə, logistika və təchizat zənciri sahəsində tədris yönümlü proqram təminatının təchiz edilməsi;
  • ·  60 tələbə üçün dərsliklərin və tədris materiallarının nəşri;

· 

 Tələbələr üçün tədris ili müddətində müvafiq sahədə ingilis dili biliyinin təkmilləşdirilməsi məqsədilə fakültativ ingilis dili tədrisinin təşkili.

 

 



17.08.2021 | 14:08