AMEA prezidenti Meksikanın ölkəmizdəki səfiri ilə görüşüb

İyulun 4-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb.

           

Görüşdə akademik Akif Əlizadə Azərbaycanda neft sənayesinin tarixindən, geologiya və geofizika sahəsində aparılan tədqiqatlardan, Akademiyada həyata keçirilən elmi-innovativ layihələrdən bəhs edib. AMEA prezidenti azərbaycanlı mütəxəssislərin hazırladığı “Dünya palçıq vulkanları atlası” haqqında da danışıb. Uzun illər ölkəmizdə vulkanların öyrənilməsi ilə bağlı araşdırmaların aparıldığını qeyd edən akademik Meksikanın müvafiq elmi qurumları ilə əlaqələrin qurulması istiqamətində tərəflərin bir araya gəlməsinin vacibliyini  diqqətə çatdırıb.

           

Səmimi qəbula görə AMEA-nın rəhbərinə təşəkkürünü bildirən səfir ölkəsinin dünya arenasında hazırkı mövqeyi, elm, təhsil, turizm və digər sahələr üzrə son illər əldə olunan nailiyyətləri barədə ətraflı məlumat verib.

           

Görüşü yüksək qiymətləndirən diplomat ölkəsinin elmi müəssisələri ilə kadr və təcrübə mübadiləsi aparılmasının məqsədəuyğun olduğunu vurğulayıb.

           

Tərəflər Meksikanın elmi tədqiqt institutları, universitetləri ilə AMEA-nın palçıq vulkanizmi, seysimologiya və arxeologiya sahələrində elmi əməkdaşlıq imkanlarını müzakirə ediblər. Hər iki ölkənin akademiyaları arasında əməkdaşlığa dair sənədin hazırlanması və gələcəkdə bununla bağlı görüşlər keçirməyin vacibliyini bildiriblər.

           

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva  iştirak ediblər.

 

 



05.07.2018 | 11:43