Lənkəran Regional Elmi Mərkəzində elmi tədqiqatların müsbət nəticələri

Azərbaycanın Lənkəran-Astara subtropik bölgəsinin münasib torpaq-iqlim şəraiti çaydan əlavə,  limon, naringi portağal, feyxoa, subtropik xurma, kivi, nəcib dəfnə, bambuk, pekan, tunq, quayava və s. subtropik bitkilərin yetişdirilməsi üçün geniş imkanlar açır.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzi tərəfindən bu istiqamətdə əhəmiyyətli işlər görülür. Belə ki, yeni subtropik bitki sortlarının yetişdirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran çay filialı bazasında çay və sitrus bitkisinin sort və formalarının toplanması, Lənkəran-Astara bölgəsi şəraitində introduksiya olunması, öyrənilməsi, ən qiymətlilərinin seçilməsi, yeni sortların yaradılması ilə bağlı birgə tədqiqat işləri aparılır.

 

Birgə fəaliyyətin nəticəsi olaraq sitrus bitkiləri üzərində aparılan elmi tədqiqatlar zamanı yeni limon və naringi sortu əldə olunub.  Yeni limon “Lənkəran meyeri” (“Meyer ağçiçək”) və naringi "Karlik tezyetişən" sortları yüksək məhsuldarlığına, şaxtaya, xəstəlik və zərərvericilərə qarşı dözümlülüyünə, ən nəhayət asan becərilməsinə görə fərqlənirlər.

 

“Lənkəran meyeri” adı verilən yeni limon meyer sortunun növünün yetişdirilməsi aqrotexniki qulluq az tələb etdiyindən ucuz başa gəlir, məhsulvermə qabiliyyəti isə digərlərindən 40-50 faiz çoxdur. Bu limon sortu 2019-cu ildə Dövlət sort sınağına qəbul edilib. Gələcəkdə “Lənkəran meyeri”nin artırılaraq təsərrüfatlara verilməsi ölkəmizdə bu sahənin inkişaf etdirilməsinə, sitrus bitkilərindən yüksək məhsul götürülməsinə imkan yaradacaq.

 

Lənkəran bölgəsində introduksiya olunmuş və seleksiya yolu ilə alınmış naringi sort-formaları yerli şəraitdə adaptiv xüsusiyyətlərə malik olmaqla, bir sıra müsbət təsərrüfat əhəmiyyətli əlamət və xüsusiyyətlərə malikdir, qiymətli material kimi yeni naringi "Karlik tezyetişən" sortunun yaradılmasında istifadə olunub.

 

Narınginin ən yüksək məhsuldarlığına malik olan yeni yaradılmış alçaqboylu “Karlik tezyetişən" sortu bu bölgədə olan digər sortlara nisbətən bir ay daha tez yetişir. Alçaqboylu olmağı ilə seçilən və hektardan 35-40 ton və daha çox məhsul vermək imkanına malik bu bitki bazarın digər sortlardan əvvəl naringi ilə təmin olunmasına imkan verir. Həmçinin, onun gübrələnməsi, suvarılması, dərmanlanması və qışdan qorunması digər naringi sortları ilə müqayisədə daha asan başa gəlir.

 

“Karlik tezyetişən” 2019-cu ildə Seleksiya Nailiyyətləri Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilib.

 



18.08.2021 | 16:11