Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri

Bu gün hər kəs müharibədən sonra Qarabağda və Şərqi Zəngəzurda başlayan quruculuq işlərini böyük ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə ilə izləyir. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik xətləri, su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir.

 

Artıq Qarabağda birinci pilot layihə gerçəkləşir. Zəngilan rayonunda 3 kəndi birləşdirən layihənin bu ilin sonuna başa çatması gözlənilir. Bundan başqa, bir neçə kəndin planı da təsdiqlənib. Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçilib. Yaxın gələcəkdə o kəndlərin də layihələri icra ediləcək. Ağdam şəhərinin baş planı təsdiqlənib, digər şəhərlərin baş planının təsdiqlənməsi yaxın aylarda nəzərdə tutulur.

 

Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına yeni obyektlərin açılış və təməlqoyma tədbirlərini əhatə edən səfəri bu günlərdə gerçəkləşdi. Yeni yarımstansiyanın fəaliyyətinə start verildi. Dövlət başçısı su elektrik stansiyasının tikintisi ilə tanış oldu. Həmçinin, Laçın rayonunda beynəlxalq hava limanının, iki tunelin təməlini qoydu. Bundan başqa, məlumdur ki, Kəlbəcər və Laçın rayonlarında arıçılıq və heyvandarlıq  təsərrüfatları qurulub.

 

Bütün bunlar Prezident İlham Əliyevin göstərişi ilə başlanmış işlərin müəyyən bir hissəsidir və iqtisadi inkişaf planları işğaldan azad olunmuş bütün rayonları əhatə edir. Sadəcə, burada Prezidentin dəfələrlə vurğuladığı bir məqam- zamanla yarış məsələsi var. Üstəgəl, zaman faktorundan başqa, erməni cəlladlarının torpaqlarımızda basdırdıqları minalar da Azərbaycanın Qarabağın yenidən qurulması  işlərinə əngəl yaradan, ləngidən amil kimi çıxış edir.

 

Minalar insanların həyatına təhdiddir deyə, həmin rayonların ərazilərinə nə rahat şəkildə ictimai səfərlər təşkil oluna bilir, nə də vətəndaşların qısa zamanda qayıtması imkanını yaratmaq. Baxmayaraq ki, Ermənistanla danışıqlar çərçivəsində mina xəritələrinin bir qismi alınıb, lakin bu, tam siyahı deyil, həm də ortada yalan da var.

 

Prezident İlham Əliyev Türkiyə televiziyasına müsahibəsində bu məqam üzərinə xüsusi vurğu saldı: “Ermənilər yüz minlərlə mina basdırıb. Müharibə başa çatandan sonra - 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir. Ermənistan bizə minaların xəritələrini də vermir və son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik”.

 

Göründüyü kimi, işğaldan azad olunan torpaqlarda bərpa işlərinin sürətlənməsi xeyli dərəcədə minaların aşkarlanıb zərərsizləşdirilməsindən asılıdır və bu istiqamətdə gərəkli addımlar atılmaqda davam edir.

 

 



19.08.2021 | 21:27