Məqsəd ənənəvi tədrisə qayıtmaqdır

Ölkəmizdə ənənəvi tədrisə davamlı keçid üçün həyata keçirilən tədbirlər çərçivəsində təhsil işçilərinin vaksinasiyası aparılır. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq həyata keçirilən proses Təhsil Nazirliyinin feysbuk hesabı üzərindən təşkil edilən vebinarda müzakirə olunub. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moderatorluğu ilə keçirilən müzakirələrə təhsil nazirinin müşaviri Rüstəm Ağayev, millət vəkili Rəşad Mahmudov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva və Gəncə şəhər Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyev qatılıb.

 

Təhsil nazirinin müşaviri Rüstəm Ağayev ötən tədris ilindən bu günədək ümumtəhsil müəssisələrində COVID-19-un səbəb olduğu mənzərəni rəqəmlərlə ifadə edib. Aparılan statistikaya görə, 219 nəfər şagird, 65 nəfər işçi heyəti ötən il sentyabrın 15-dən oktyabrın 1-dək olan dövrdə virusa yoluxub.  Oktyabr ayında şagirdlər arasında yoluxanların sayı 1600-ə, təhsil işçiləri arasında isə 575 nəfərə yüksəlib. Yoluxma sayı 2020-ci ilin dekabrında ən yüksək həddə - şagirdlər arasında 6378, işçi heyəti arasında isə 3568 nəfərə çatıb. İndiyədək ümumilikdə 25370 şagirdin, 15128 təhsil işçisinin yoluxması faktı qeydə alınıb.

 

Problemdən çıxış yollarından biri olaraq vaksinasiya prosesinə təhsil müəssisələrində də start verilib. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq mart ayından etibarən Bakı şəhəri üzrə 10, Sumqayıt şəhəri üzrə 2 vaksinasiya məntəqəsi yaradılıb.  Sadəcə həmin məntəqələrdə 33291 nəfər təhsil işçisi Bakı şəhəri üzrə, 2000 nəfərə yaxın təhsil işçisi isə Sumqayıt şəhərində peyvənd olunub. Hər iki doza peyvənd vurulan təhsil işçilərinin sayına görə Qazax Rayon Təhsil Şöbəsi birinci yerdədir. Yardımlı, Neftçala, Gəncə, Lerik, Zərdab da lider rayonlar arasındadır. Həmin rayonlarda təhsil işçilərinin 91 faizi birinci, 85 faizi ikinci doza peyvəndlə təmin edilib.  Ümumilikdə ölkə üzrə ümumi təhsil müəssisələrində 137 min təhsil işçisi vaksin olunub ki, bu da 61 faiz təşkil edir. Birinci doza peyvənd olunanlar isə 162 min nəfərdir ki, bu da təhsil işçilərinin 72 faizi deməkdir.

 

R.Ağayev ali təhsil müəssisələrində aparılan vaksinasiya prosesinə də toxunub. Onun sözlərinə görə, 33 min ali təhsil müəssisəsi əməkdaşından 16 min nəfəri hər iki doza, 20 min nəfər isə birinci doza peyvəndlə təmin olunub. Peşə təhsili müəssisələrində fəaliyyət göstərən 4400 nəfərdən  3451 nəfər birinci doza, 3038 nəfər hər iki doza peyvənd olunub.

 

R.Ağayev yoluxanlar və reanimasiyada müalicə alanların əksəriyyətinin peyvənd olunmayanlar olduğuna diqqət çəkərək bildirib ki, məqsəd ənənəvi tədrisə qayıtmaq olduğundan vaksinasiya yeganə çıxış yoludur: “Müəllimlər böyük bir kütləylə təmasda olur.  Biz ilk növbədə onları qorumalıyıq. Bunun da yeganə yolu peyvənddir”.

 

Milli Məclisin deputatı, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, əməkdar həkim Rəşad Mahmudov bildirib ki,  hər ötən gün koronavirusla bağlı tibbi təcrübələr artsa da, virus yenilənməyə meyillidir və hələ də yoluxma sayı kifayət qədər böyükdür. Ürək-damar cərrahı ağırlaşmalara və hətta ölümə səbəb olan yoluxmaların peyvənd olunmayanlar arasında üstünlük təşkil etdiyinə xüsusilə diqqət çəkib: “Ölümə səbəb olan bir virusla üz-üzəyik və təəssüf ki, onu hələ nəzarət altına almaq mümkün olmayıb. Peyvəndin isə gün keçdikcə əlimizdə bir qızıl açar olduğuna əmin oluruq. Hər nə qədər peyvənd olunanların yoluxduğu, xəstəxanalara, hətta reanimasiyaya düşdüyü ilə bağlı faktlar olsa da, əmin olun ki, peyvəndlənməmiş insanlarla müqayisədə rəqəmlər kiçik, ölümə səbəb olma faizi isə çox aşağıdır. Peyvənd çox böyük statistik fərq ortaya qoyur ki, buna biganə qalmaq olmaz. Bu virusa qarşı 100 faizlik çözüm tapılana qədər hər kəs bilməlidir ki, indiki vəziyyətdə ən yaxşı həll yolu peyvənddir”.

 

Virusu təhlükəli dalğalara, peyvəndi isə bədənimizi dalğalar səngiyənə qədər qoruyan  jiletə bənzədən deputat müəllimlərə və bütün təhsil işçilərinə müraciət edərək onları insan orqanizminə dayanma gücü verən peyvəndlənmə prosesində həm də istiqamətləndirici rol oynamağa çağırıb: “Dünyada bu barədə nə qədər çox danışılsa da, bütün məsuliyyətimlə deyirəm ki, peyvəndin orqanizmdə yaratdığı yan təsir hər gün istifadə etdiymiz, aspirin, mütəmadi istifadə olunan antibiotiklər, parasetamoldan yüzlərlə, hətta minlərlə dəfə aşağıdır”.

 

Nə ürək-damar xəstəliklərində, nə hamiləliklərdə peyvəndin hər hansı əks-göstərişi olmadığını vurğulayan ürək-damar cərrahı QİÇS kimi ağır xəstəliklərdə, şüa terapiyası alan xərçəng xəstələrində belə kəskinləşmə dövrü və ya şüa terapiyası aldığı həftə bitən kimi vaksin olunmalarının tövsiyə edildiyini vurğulayıb: “Bu bir il ərzində müalicə etdiyim ürək-damar xəstələri arasında elə biri olmayıb ki, ona “COVID-19” peyvəndinin əks-göstəriş yaratdığını hesab edək. Bu gün əminliklə deyə bilərik ki, peyvəndlərin heç biri insan orqanizmində ciddi əks-göstəriş yaratmır”.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakı şəhərində fəaliyyət göstərən peyvənd məntəqələrində yaradılan şəraitə diqqət çəkərək 35 mindən artıq təhsil işçisindən 22686 nəfərinin bu imkandan yararlandığını vurğulayıb: “Bakının Pirallahı, Suraxanı, Sabunçu, Yasamal, Nəsimi rayonları başda olmaqla, 37 məktəb vaksinasiyada 90 faiz nəticə göstərib”

 

İdarə müdiri müəllimləri prosesdə fəallığa çağırıb: “Məsafədən təhsil vəziyyətdən çıxış yolu olaraq əl atdığımız bir yol olsa da, çox keçmədən onun çatışmazlıqları görünməyə başladı. Şagirdlərimizin sağlamlığında, psixoloji durumunda, mənimsəməsində ciddi problemlərin olduğunu gördük. Bu problemlər aradan qalxsın, hamımızın çox istədiyi ənənəvi təhsil bərpa olunsun deyə “təhsil üçün vaksinasiya ” həştəqi ilə kampaniyaya qoşulmalıyıq”.

 

Gəncədə 5000 nəfərə yaxın təhsil işçisi fəaliyyət göstərir. Təhsil işçilərinin 80 faizi hər iki dozada peyvəndlənib. Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev vaksinasiya prosesində qarşılarına qoyduqları hədəfə nail olunduğunu bildirib: “Hədəfimiz təhsil işçilərinin 80 faizinin peyvəndlənməsinə nail olmaq idi. Biz artıq bu hədəfimizə çatmışıq. Birinci doza peyvənd olunanlar 88 faizi ötüb. Hazırda çarpaz yoxlamalara başlamışıq. Bu yoxlamalar rəqəmlərdə qeyri-dəqiq informasiya varsa, onu üzə çıxaracaq. Gəncədəki 46 təhsil müəssisəsindən  44-də fəaliyyət göstərən təhsil işçilərinin 88 faizi  ilk doza peyvənd olunub. Bir tam orta, bir məktəbdənkənar təhsil müəssisəsində nəticələr 80 faizdən aşağıdır. Biz çalışacağıq ki, bütün təhsil müəssisələrində nəticələr 80 faizdən yuxarı olsun”.

 

Vebinarda qeyd edilib ki, əyani tədrisin bərpa olunması üçün təhsil müəssisələri əllərindən gələni edirlər. Bunun üçün ilk növbədə peyvəndlənmə prosesində lazım olan nəticəyə nail olunmalıdır. Çünki tədris prosesinə məhz hər iki doza peyvənd olunanlar cəlb olunacaq. Özünün və başqalarının həyatını təhlükəyə atmamaları üçün əks göstərişləri olanlar və başqa səbəblərdən peyvənddən boyun qaçıranlarla bağlı müəyyən məhdudiyyətlərin olacağı istisna edilmir. 

 

Ruhiyyə DAŞSALAHLI

 



27.08.2021 | 09:28