“Azərbaycan Tibb Universitetində yeni ixtisasların açılmasına zərurət yaranıb”

Azərbaycan Tibb Universitetində (ATU) ardıcıl olaraq islahatların aparılması davam edir. Rektor, professor Gəray Gəraybəylinin rəhbərliyi ilə universitet tədris proqramlarını dünyanın bir sıra qabaqcıl ölkələrinin, o cümlədən qardaş Türkiyənin tədris proqramlarına uyğunlaşdırmaq istiqamətində iş aparır.

 

Bu barədə danışan ATU-nun əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov universitetdə yeni ixtisasların təşkilinə zərurət yarandığını bildirib: “Hazırda magistrlər magistratura pilləsində 5 ixtisas - Əczaçılığın texnologiyası, Əczaçılığın kimyası, Farmakoqnoziya, Toksikoloji kimya və Əczaçılığın təşkili üzrə ixtisaslarını artırırlar. Günün tələblərinə uyğun olaraq, bir sıra yeni ixtisasların təşkilinə ehtiyac yaranıb. Ona görə də yaxın gələcəkdə Əczaçılıq menecmenti, Əczaçılıq kosmetologiyası, Farmakologiya, Klinik əczaçı, Fizioterapiya, Məhkəmə-kriminalistika ilə bağlı yeni ixtisas yerlərinin açılmasını istəyirik.  Universitetimizin rektoru adıçəkilən ixtisasların açılmasına şəxsən diqqət göstərir. Rektor  bu məqsədlə tədris proqramlarının hazırlanaraq Təhsil və Səhiyyə nazirliklərinə təqdim olunması üçün elmi heyətə lazımi göstərişlərini verib. Biz də dekanlıq olaraq işimizi bu istiqamətdə qurmuşuq”.

 

Dekan yeni ixtisasların magistrlərin bilik və bacarıqlarının artırılmasında müstəsna rol oynayacağına əminliyini də ifadə edib. 

 



02.09.2021 | 14:07