AzTU ilə “Microsoft Azərbaycan” şirkəti əməkdaşlığa başlayır

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Microsoft Azərbaycan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov və baş meneceri Qaçay Mirzəyevlə görüşüb.

 

Rektor AzTU-da görülən işlər barədə qonaqlara məlumat verib. Bildirib ki, hazırda universitetdə digər sahələr kimi, kibertəhlükəsizlik, süni intellekt və robototexnika istiqamətində də kadr hazırlığına xüsusi diqqət yetirilir. Bu istiqamətdə “Microsoft Azərbaycan”ın AzTU ilə əməkdaşlığa başlaması təqdirəlayiq addım hesab olunur.

 

“Microsoft Azərbaycan”şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov təhsildə rəqəmsal transformasiya, şirkətin mövcud bulud sistemləri, süni intellekt və digər məsələlər barədə məlumat verib, eyni zamanda bununla bağlı təcrübəsini bölüşüb. Bildirib ki, ilkin olaraq tələbələrin “Microsoft Imagine Cup” müsabiqəsinə cəlb olunması müsbət addım olar. Bundan başqa, AzTU-nun “Data Science” sahəsində yüksəkixtisaslı kadr hazırlaması da müzakirə edilib. Qeyd olunub ki, “Microsoft”un sənaye sahəsində mövcud konsepsiyaları AzTU-da araşdırılacaq. O da vurğulanıb ki, AzTU “Microsoft”un onlayn təhsil platformalarından istifadəni davam etdirəcək.  

 

 



02.09.2021 | 16:13