Hansı abituriyentlərə yenidən şans var?

Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbul olmayan abituriyentlər üçün vacib olan məlumat açıqlayıb. 

 

Bildirilib ki, I ixtisas qrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında məlumata baxdıqda  görünür ki,  ümumi balı 200-dən və imtahanının ikinci mərhələsi üzrə balı 100-dən az olmayan cəmi 8 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. Onlar boş qalan yerlərin müsabiqəsinə qoşula bilərlər. 150 və 50 bal şərtini ödəyib qəbul ola bilməyənlərin sayı isə 2068 nəfərdir. Lakin həmin ixtisaslar (abituriyentlər şərti olaraq 150 ballıq ixtisaslar deyir) üzrə plan yerləri tam dolub və bu abituriyentlər müsabiqə şərtlərinə əsasən, boş qalan plan yerlərinin seçimində iştirak edə bilməzlər.

 

II ixtisas qrupunda 200 və 100 ballıq şərtləri ödəyib qəbul ola bilməyənlərin sayı 37, 150 və 50 bal şərtini ödəyənlərin sayı isə 69 nəfərdir. Bu abituriyentlərin hamısının ikinci turda iştirak edib qəbul olunmaq şansları hələ də var.

 

III ixtisas qrupu ümumi balı 200-dən və imtahanının ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 557 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. Həmin şəxslər boş qalan yerlərin (169 yer) müsabiqəsinə qoşula bilərlər. 150 və 50 bal şərtini ödəyib qəbul ola bilməyənlərin sayı isə 1680 nəfərdir. Lakin həmin ixtisaslar üzrə də plan yerləri tam dolub və bu abituriyentlər müsabiqə şərtlərinə əsasən boş qalan plan yerlərin seçiminə buraxılmırlar.

 

IV ixtisas qrupu üzrə müvafiq göstəricilər 81 və 90 nəfərdir. Burada isə 81 nəfərlə yanaşı, 90 nəfərin də müəyyən ixtisaslar üzrə boş qalan yerlərin müsabiqəsində iştirak etmək imkanları var.

 



06.09.2021 | 15:40