Qubadlı, Cəbrayıl və Zəngilandan olan şagirdlər “Təhsil avtobusu – Qayıdış” layihəsində

Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi ilə “Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu – Qayıdış” layihəsi Sumqayıtda Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarından olan şagirdlər üçün keçirilib.

 

Layihə çərçivəsində Qarabağ motivləri əsasında incəsənət və yaradıcılıq, peşə, sağlamlıq, debat və natiqlik, motivasiya istiqamətində təlimlər və “Nə? Harada? Nə zaman?” intellektual yarışı baş tutub.

 

Təhsil avtobusu Sumqayıt şəhərindən sonra Sabirabad rayonuna səfər edəcək.

 

Qeyd edək ki, layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaratmaq, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağının artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.

 

Layihə çərçivəsində işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcəbədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər olunacaq və ümumilikdə 192 nəfərdən çox şagird əhatə ediləcək.

 

 



10.09.2021 | 14:54