İsmayıllıda məktəblilərin “Girdiman” bələdçi klubu yaradılır

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində “Məktəblilərin “Girdiman” bələdçi klubunun yaradılması və davamlı fəaliyyətinin təşkil edilməsi” layihəsinin icrasına başlanılıb.

 

Layihənin əsas məqsədi İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 nömrəli tam orta məktəbin nəzdində “Girdiman” bələdçi klubunu yaratmaq, müəllimlər, məktəblilər və valideynlərlə birlikdə ekskursiyalar təşkil etməkdir. Məktəblilər, müəllimlər və valideynlərlə işləyərək məktəbin foyesində açıq muzey kimi sərgilənən, təsadüfən aşkar olunmuş arxeoloji, eləcə də etnoqrafik materialları araşdırmaq, etnoqrafik sorğular keçirmək, Mollaisaqlı kəndinin tarixini, folklorunu araşdırmaq, məktəblilərə qədim tariximizi, memarlıq abidələrimizi və folklorumuzu sevdirmək, onların folklor oyun və tamaşalarını hazırlamaq,  fəal şagirdlərin təşkil olunan tədbirlərdə iştirakına kömək olmaqdır.

 

Layihənin rəhbəri İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi Təranə Yusifova, layihənin eksperti tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.

 

İyunun 30-da sözügedən məktəbdə layihə iştirakçıları ilə ekspert Fariz Xəlillinin görüşü keçirilib. Layihənin rəhbəri, məktəbin tarix müəllimi Təranə Yusifova bildirib ki, mədəni irsimizi, tariximizi və folklorumuzu təbliğ etməyə ən aşağı yaşlardan başlanmalı, məktəblilərin bilik və bacarıqlarını inkişaf etdirmək, onları maarifləndirmək üçün dərslərlə yanaşı müxtəlif sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərin imkanlarından istifadə olunmalıdır. Eyni zamanda mədəni irsimizin araşdırılması və tədqiq edilərək öyrənilməsi şagirdlərdə məlumatlılıq səviyyəsinin artması ilə bərabər gələcəkdə onların müəyyən ixtisaslara maraqlarının yaranmasına da istiqamət verir. Layihə rəhbəri məhz bu məqsədlə İsrayıl Həsənov adına 1 nömrəli tam orta məktəbin nəzdində  “Girdiman” bələdçi klubu yaratmağı planlaşdırdıqlarını bildirib və bu istiqamətdə görüləcək işlər barədə məlumat verib. Qeyd edib ki, klubun tərkibinə aktiv məktəblilər, maraqlı müəllimlər və valideynləri daxil edərək məktəbin tarix otağına rayonun sakinlərində saxlanılan etnoqrafik materialları toplamaq niyyətindədirlər. Bu, məktəbdə dərslərin tədrisində əyaniliyi təmin etməyə imkan yaradacaq, eyni zamanda şagirdlərin tarixi abidələrimizi daha yaxşı tanımalarına səbəb olacaq. Ekskursiya qrupunun üzvləri etnoqrafik sorğular keçirəcək, tarixi abidələrimizi, tarixi sənət növlərimizi araşdıracaq. Həm müəllimlər, həm valideynlər, həm də məktəbliləri tarixi abidələrimizlə bağlı məqalə və esselər yazmağa, rəsm və fotolar çəkməyə həvəsləndirmək planlaşdırılıb. Ekskursiyalarda ən azı 30 nəfər iştirak edəcək. “Girdiman” bələdçi klubunun araşdırmaları ilə bağlı hesabat formalı tədbirdə isə həm bu məktəbin, həm də digər məktəblərin şagirdləri dəvət ediləcək. Hesabat tədbirində ekskursiyalar təşkil edilərək araşdırmalar aparılmış, tarixi abidələrimizin, mədəni irsimizin öyrənilməsi ilə bağlı  kataloq və flayeri də təqdim ediləcək.

 

Layihənin eksperti Fariz Xəlilli İsmayıllının zəngin maddi-mədəni irsinin zəif öyrənilməsindən təəssüfləndiyini bildirib. Qeyd edib ki, Lahıc və Basqalın, Cavanşir və Qız qalalarının indiyə qədər arxeoloji baxımdan öyrənilməməsi tariximizdə qaranlıq səhifələrin varlığını göstərir. Mollaisaqlı və Hacıhətəmlinin antik dövr qəbiristanlıqları müəyyən qədər öyrənilsə də yaşayış yerləri hələ tapılmayıb. Diyallı və Həftəsov ərazisində dağılmaqda olan məscid və hamamlar da İsmayıllının mədəni irsinə qayğının artırılmasını şərtləndirir. Fariz Xəlilli bildirib ki, “Girdiman” bələdçi klubu mədəni irsə ictimai münasibəti təkcə öyrənməyəcək, həm də onun yeniyetmələr arasında təbliğini gücləndirəcək, onları təşkilatlandıracaq.

 

Məktəbin direktoru Gündüz Qədirov layihənin aktuallığından və əhəmiyyətindən bəhs edərək şagirdlərin layihədə fəal iştirak edəcəklərinə, maraqlı təcrübə qazanacaqlarına və fərdi bacarıqlarını inkişaf etdirəcəklərinə əminliyini ifadə edib.

 

Rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramiz Baloğlanov, təlim-tərbiyə işləri üzrə direktor müavini Dilbər Yəhyayeva, məktəbin müəllimləri Gülzar Asvarova, Kifayət Aslanova Qasımxan qalası, Lahıc məscidi yaxınlığında aşkar olunan skeletlər, Sümüklü dərə, Qalagah alban kilsəsi, Mücü və Uzboylar qəbirləri ilə bağlı fikirlərini bölüşüb, klubun yaradılmasının məktəbin fəaliyyətində mühüm hadisə olduğunu qeyd ediblər.

 

 



06.07.2018 | 18:49