2021-ci il üzrə Nobel laureatlarının adları açıqlanacaq

Dünyada davam edən koronavirus pandemiyasının ağır fəsadlarına baxmayaraq, Nobel Mükafatları Komitəsi bu il də öz ənənəsinə sadiq qalacaq. Komitə tərəfindən  elmin ayrı-ayrı sahələri üzrə mühüm kəşflərə imza atmış görkəmli alimlərə Nobel mükafatı təqdim olunacaq.

  

Komitənin  rəsmi  www.nobelprize.org saytının məlumatına əsasən, 2021-ci ilin Nobel mükafatı laureatlarının adları oktyabrın ilk günlərində elan ediləcək. Oktyabrın 4-dən 11-ə kimi davam edən "Nobel həftəliyi" günlərində  ilin ən məşhur elm adamlarının adları məlum olacaq.

 

İlk olaraq oktyabrın 4-də  Stokholmda İsveçin Karolinsk Tibb İnstitutunda fiziologiya və tibb üzrə Nobel mükafatı sahibinin adı müəyyənləşəcək.  İsveç Kral Elmlər Akademiyası tərəfindən fizika üzrə laureatın adı oktyabrın 5-də, kimya üzrə namizədin adı oktyabrın 6-da  açıqlanacaq.  Ədəbiyyat üzrə namizədin adı oktyabrın 7-də  İsveç Akademiyası tərəfindən təqdim olunacaq.  Oktyabrın 8-də  Osloda İsveç Nobel İnstitutu tərəfindən sülh mükafatı üzrə namizədin də adı elan ediləcək.

 

Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç Bankının mükafatına (Sveriges Riksbank Prize) layiq görüləcək alimin adı  oktyabrın 11-də Stokholmda İsveç Kral Elmlər Akademiyası tərəfindən elan olunacaq. 

 

Ötən ildə  olduğu kimi, bu il də hər nominasiyada Nobel mükafatının pul məbləğı  10 milyon kron (1.19 milyon ABŞ dolları) təşkil edəcək.

 

Qeyd edək ki, mükafatın təqdimat mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred  Nobelin doğum günündə keçirilir. Fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması sahəsində mükafat isə Osloda Norveç Kralının və ailə üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.

 

Oruc MUSTAFAYEV



15.09.2021 | 11:29