Ağdamda tarixçilərin beynəlxalq simpoziumu başlayır

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, həmçinin Atatürk Araşdırma Mərkəzi Azərbaycanın Ermənistan üzərində zəfəri və dövlət müstəqilliyinin bərpası ilə əlaqədar olaraq Ağdam Rayon İcra Hakimiyyəti ilə birlikdə 15-18 sentyabr tarixlərində “Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpozium keçirir.

 

Simpoziumda Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırmaları Mərkəzinin rəhbərləri ilə birgə, Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim iştirak edir. Simpozium iştirakçıları Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanında Bakının azad edilməsinin ildönümü münasibətilə Türk şəhidləri və 20 Yanvar şəhidlərinin abidələrini ziyarət etdikdən sonra simpoziumun keçiriləcəyi Ağdam rayonuna yola düşəcəklər.

 

Sentyabrın 16-da Ağdamda davam edəcək simpoziumda “Azərbaycan Respublikasının müstəqillik dövr tarixi”, “Qarabağ Zəfərinə doğru gedən prosesdə Türkiyə-Azərbaycan strateji əlaqələri”, “Batum müqaviləsindən (4 iyun 1918) Şuşa Bəyannaməsinə (15 iyun 2021) Türkiyə-Azərbaycan əlaqələri” və digər mövzular üzrə məruzələr dinləniləcək.

 

Simpozium iştirakçılarının işğaldan azad edilmiş digər ərazilərə səfərləri də nəzərdə tutulub.

 

 



15.09.2021 | 12:15