Amerikalı professor “Qafqaz kəsilişi” layihəsinin gedişatı ilə tanış olub

Azərbaycanda səfərdə olan ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.

 

RSXM-nin baş direktoru  Qurban Yetirmişli ilə keçirilən müzakirələrdə mərkəzin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova da iştirak edib. 

 

Görüşdə 2017-ci ildən bəri ölkəmizdə Respublika Seysmoloji Xidmət Mərkəzi, ABŞ-ın Missuri Universiteti və Ukrayna Elm və Texnologiya Mərkəzinin iştirakı ilə birgə həyata keçirilən “Qafqaz kəsilişi” layihəsi üzrə işlərin gedişatı, eləcə də layihə çərçivəsində quraşdırılmış müvəqqəti stansiyaların fəaliyyəti və əldə olunmuş məlumatların yüksək texnologiyalı proqramlar vasitəsilə emalına dair məsələlər müzakirə edilib.

 

Erik Sandvol, həmçinin məlumatların emalı və Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin aparılmasına dair Zəlzələ ocaqlarının dinamikası şöbəsi tərəfindən görülmüş işlərlə tanış olub, əldə edilən məlumatların emalına dair mərkəz əməkdaşları üçün təlim keçib.

 

 



15.09.2021 | 16:50