Naxçıvan Müəllimlər İnstitutunda “15 sentyabr Bilik Günü”

Naxçıvan Müəllimlər İnstitutunda “15 sentyabr Bilik Günü” qeyd olunub. İnstitutun rektoru Azad Novruzov çıxış edərək, professor- müəllim heyətini və tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib.

 

Rektor vurğulayıb ki, cari tədris ilində muxtar respublikada sanitar epidemioloji vəziyyətin nəzarətdə saxlanması və vaksinasiya prosesinin uğurla yerinə yetirilməsi tədris prosesinin müəyyən məhdudiyyətlər tətbiq olunaraq ənənəvi şəkildə bərpa edilməsinə imkan verib.

 

Yeni tədris ilinin başlanması ilə əlaqədar  institutda bir sıra işlərin həyata keçirildiyini söyləyən A.Novruzov diqqətə çatdırıb ki,  2021/2022-ci tədris ilində magistr və bakalavr səviyyələrində kadr hazırlığı istiqamətində qəbul aparılacaq ixtisaslar müəyyənləşdirilib və qəbul planı təsdiq edilib:” Magistratura səviyyəsində 4, bakalavr səviyyəsində 13 ixtisas üzrə qəbul aparılıb. Magistratura səviyyəsində qəbulun nəticələri yekunlaşıb və qəbul planı 90% yerinə yetirilib. Bakalavr səviyyəsində ilkin qəbul nəticələrinə görə, qəbul planı 80%-dən yuxarı yerinə yetirilib. İnstitutda doktorantura səviyyəsi üzrə də kadr hazırlığı aparılır və 2021-ci ildən başlayaraq, pedaqoji elmlər üzrə Dissertasiya Şurası fəaliyyət göstərir. Bu istiqamətdə görülən işlər muxtar respublikada elmi dərəcəli pedaqoji kadrların hazırlanması üçün mühüm əhəmiyyət kəsb edir”.

 

Rektor ötən tədris ilində institutda STEAM təlim metodunun tətbiqi üçün STEAM kabinəsinin yaradıldığını vurğulayaraq, cari tədris ilində yeni imkanların nəzərə alınaraq, STEAM təlim metodunun əsaslarının öyrədilməsi və praktik dərslərin təşkili üçün tədris planlarının seçmə fənn bloklarına STEAM təlim metodunun tədrisi ilə bağlı fənlərin əlavə edildiyini söyləyib.

 

“İnstitutun auditoriyaları və fənn kabinələri yeni tədris ilinə tam hazırlanıb, elektron lövhəli tədris auditoriyalarının texniki avadanlıqları yoxlanılaraq yaranmış çatışmazlıqlar aradan qaldırılıb. Tədris planları əsasında yeni dərslik, dərs vəsaitləri və fənn proqramları tərtib edilib. İnstitutun rəsmi internet səhifəsində müəyyən dəyişikliklər aparılıb, elektron rezurslar yenilənib. İnstitutun elektron kitabxanası zənginləşdirilib və əlçatanlığın təmin edilməsi istiqamətində bir sıra işlər yerinə yetirilib”-deyə A. Novruzov qeyd edib.

 



15.09.2021 | 17:25