“Media və təhsil dialoqu"

Sentyabrın 16-da Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlim öz işinə başlayıb.Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

 

Təlimi giriş sözü ilə açan təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə aparılan təhsil islahatlarından danışıb. Təhsil Nazirliyi ilə KİV nümayəndələri arasında əməkdaşlığın vacibliyini vurğulayan nazir müavini görülən işlərin ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. Təşkil olunan təlimin bu baxımdan səmərəli olacağına əminliyini ifadə edən Firudin Qurbanov iştirakçılara uğurlar arzulayıb.

 

Medianın İnkişafı Agentliyinin departament direktoru Rüstəm Əbülfətoğlu rəsmi qurumların media ilə olan əməkdaşlığından söhbət açıb. Belə təlimlərin keçirilməsinin təqdirəlayiq olduğunu deyən departament direktoru medianın cəmiyyətin inkişafındakı rolundan danışıb.

 

Sonra Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Yeni tədris ilində nəzərdə tutulan fəaliyyətlər” mövzusunda çıxış edib. İnstitutun son illər həyata keçirdiyi layihələrdən, görülən işlərdən bəhs edib.

 

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Tədrisdə məzmun yenilikləri” mövzusunda çıxış edib.

 

Təlimin ilk günü  həmçinin “Təhsil Nazirliyinin elektron xidmətləri”, “Portal.edu.az”, “STEAM layihəsi”, “Rəqəmsal bacarıqlar yeni tədris ilində”, “Müəllimlərin işə qəbulu müsabiqəsi” və “Bakı məktəblərinin yeni tədris ilinə hazırlığı”mövzularında təqdimatlar olub.

 

Qeyd edək ki, təlim sentyabrın 17-də başa çatacaq.

 

Niyazi RƏHİMOV

 



17.09.2021 | 10:39